Azərbaycan Güləş Federasiyası jurnalistlər üçün tur təşkil edib
Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına gimnaziyada təhsil alanlardan 77 nəfər güləşlə məşğul olur.
Mediasport.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Güləş Federasiyasının bu təhsil ocağına təşkil etdiyi media tur zamanı məlumat verilib.
Jurnalistlər öncə sərbəst güləşçilərin məşqinə baxıb, ardınca gimnaziyanın yataqxana və yeməkxanasında yaradılan şəraitlə tanış olublar. Daha sonra yunan-Roma güləşçilərinin hazırlıq prosesi yaxından izlənilib.
Təhsil ocağının rəhbəri Tural Mirzəliyev gimnaziyada Respublikanın müxtəlif bölgələrindən ümumilikdə 813 şagirdin təhsil aldığını, onlardan 77-sinin güləşin sirlərini öyrəndiyini bildirib.
Gimnaziyada 195 yerlik yataqxananın olduğu diqqətə çatdırılıb.
Üç mərtəbədən ibarət binada idmançıların və akademiya üzvlərinin istirahəti üçün oyun zalları istifadəyə verilib.