"Dünya çempionatına hazırlıq yüksək səviyyədə davam etdirilir”
"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bunun bariz nümunəsi olaraq ölkəmiz hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına ev sahibliyi edəcək".
Mediasport.az xəbər verir ki, bu sözləri “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında bildirib.
F.Umudov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərdiyini vurğulayaraq deyib:
“Əlimizdən gəldiyi qədər çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və bu yarışlarda yüksək nəticə əldə edək. Dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “İdmanla dostluq” şüarı altında “Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında 36-cı dünya çempionatı təşkil olunacaq.