Təhminə Tağızadə Mixael Sepik və Qriqorios Leonla görüşüb
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə keçiriləcək “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Avstriya və Yunanıstan Milli Antidopinq agentliklərinin rəhbərləri ölkəmizə gəliblər.
Mediasport.az xəbər verir ki, Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru Mixael Sepik və Yunanıstan Milli Antidopinq Agentliyin rəhbəri Qriqorios Leon ilə görüş olub.
AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq, beynəlxalq antidopinq siyasətinin inkişafında birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Qonaqlar birgə əməkdaşlığın gələcəkdə qlobal antidopinq siyasətinə yeni töhfə verəcəyini, elmi araşdırmaların aparılmasına və layihələrin təşkil olunmasına yeni imkanlar açacağını bildiriblər.
Xatırladaq ki, “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans sabah Bakıda idmançı köməkçi heyəti, fevralın 23-də isə Qubada beynəlxalq səviyyəli idmançılar üçün təşkil olunacaq.