"Yeni sponsor cəlb olunsa, əsas meydança da təmir ediləcək"
"Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda köməkçi meydança yaxın aylarda tam ixtiyarımıza veriləcək. Demək olar ki, işlər yekunlaşmaq üzrədir. Gələn sezon əgər ehtiyac duyularsa, oturacaqlar quraşdırıb oyunlarımızı orada da keçirə bilərik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Mingəçevir" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov deyib.
Klub rəsmisi köməkçi meydança hazır olandan sonra əsas arenaya düşən yükün azalacağını bildirib:
"Bildiyiniz kimi, stadionumuzda həm əsas, həm qadınlar, həm də uşaq komandalarımız oyunlar keçirirlər. Köməkçi meydança düzələndən sonra əsasda yük azalacaq. Yəni, yaz və payız fəslində köməkçi meydanda da oyunlar keçirə biləcəyik".
O, əsas meydançanın təmir planında olmadığını da qeyd edib: "Komandamıza yeni sponsor cəlb olunsa, əsas meydança da təmir ediləcək".
Qeyd edək ki, Mingəçevir təmsilçisi çempionatda geridə qalan 16 tura 15 xal toplamaqla 8-ci pillədə qərarlaşıb.