Hərbçilərin olimpiadasını keçirmək Azərbaycana təklif edilib
Dünya Hərbi İdman Şurasının (CİSM) Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varol Milli Olimpiya Komitəsində olub.
Mediasport.az xəbər verir ki, görüş zamanı Azərbaycanın 2031-ci ildə Hərbçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməsi məsələsi müzakirə edilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu deyib.
Bakıya səfərindən məmnunluğunu bildirən Nevzat Varol Azərbaycanda idmanın inkişafının beynəlxalq aləmə də səs saldığını bildirib.
Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təklifi müsbət qarşılayıb. Təklifin dəyərləndirilməsi üçün Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirənin vacib olduğunu vurğulayıb.
Görüşdə komitənin baş katibi Azər Əliyev və idman idarəsinin müdiri Həsənağa Rzayev də iştirak edib.