DÇ-2022: Almaniya, Belçika və Xorvatiya milliləri qrupda qala bilər

DÇ-2022: Almaniya, Belçika və Xorvatiya milliləri qrupda qala bilər

"Dünya Kuboku-2022"də final mərhələsinin qrup oyunları davam edir.

mediasport.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçiriləcək.

E qrupuna baxsaq, mundialla vaxtından əvvəl vidalaşan Kanada yığması aktivində 4 xal olan Mərakeşlə formal oyuna çıxacaqsa, görüş Afrika təmsilçiləri üçün həyati əhəmiyyət kəsb edəcək. Azı 1 xal mərakeşliləri paralel keçiriləcək duelin nəticəsindən asılı olmayaraq, 1/8 finala çıxaracaq.

Qrupun digər oyununda isə lider Xorvatiya Belçika ilə üz-üzə gələcək. Dünya Kubokunda istənilən səviyyədə çıxış etməyən "qırmızı şirlər"in taleyi özlərindən asılı olacaqsa, "şahmatçılar" üçün 1 xal pley-offa çıxmağa yetəcək. Lakin xorvatların özləri də qrupdan çıxmamaq təhlükəsindən sığortalanmayıblar.

F qrupunda hələlik sonuncu olan Almaniya millisinin Kosta Rikanı məğlub edəcəyinə inanmayan 1-2 faiz azarkeş olar ki, bu da ilk turda Bundestimin Yaponiyaya gözlənilməz məğlubiyyətindən qaynaqlanır. Yoxsa Hans-Diter Flikin komandası DÇ öncəsi əsas favoritlərdən biri hesab edilirdi. Amma işin əmması bundan ibarətdir ki, yaponlar lider İspaniyadan 1 xal alsalar, artıq almanların kostarikalılara 20 top vuracağı belə, işə yaramayacaq. Hərçənd Kosta-Rikanın özünün də əməlli-başlı pley-off şansı var. Yəni, DÇ-2018-də olduğu kimi, şimali amerikalılar xal və ya xallar qazansa, Bundestim bu dəfə də sonuncu olmaqla qrupda qala bilər.

Hələlik Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü tur


E qrupu

23:00. Kosta Rika - Almaniya (İTV)

23:00. Yaponiya - İspaniya (CBC Sport)

Xal durumu: İspaniya - 4, Yaponiya - 3, Kosta Rika - 3, Almaniya - 1


F qrupu

19:00. Kanada - Mərakeş (CBC Sport)

19:00. Xorvatiya - Belçika (İTV)

Xal durumu: Xorvatiya - 4, Mərakeş - 4, Belçika - 3, Kanada - 0.