İsveçrə şirkəti ilə əməkdaşlıq "Qəbələ"yə nə verəcək? - AÇIQLAMA

İsveçrə şirkəti ilə əməkdaşlıq "Qəbələ"yə nə verəcək? - AÇIQLAMA

“Qəbələ” İK oktyabrın 25-də Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

3 ili əhatə edəcək müqaviləyə əsasən, İsveçrə şirkəti “Qəbələ” azarkeşləri üçün fan tətbiqin hazırlanmasını, klubun fan tokenlərini, eləcə də unikal NFT kolleksiyalarının buraxılmasını həyata keçirəcək.

Bəs İsveçrə şirkəti ilə əməkdaşlıq ümumilikdə bölgə təmsilçisinə nə qazandıracaq? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev cavablandırdı. mediasport.az saytına danışan klub rəsmisi yeni əməkdaşlıq barədə geniş izahat verib:

- Bildiyiniz kimi, "Blocksport" son illərdə idman sənayesinə innovativ yeniliklər, həllər, texnoloji dəstəyin yeni formasını gətirən və Avropanın bir çox klubu ilə əməkdaşlıq edən İsveçrə şirkətidir. Ölkəmizdə nümayəndəlikləri yoxdur, onlayn qaydada İsveçrədəki baş ofisləri ilə anlaşmışıq. Bir günə verilən qərar deyil. Təxminən 4-5 aydı ki, onlarla müzakirələr, fikir mübadilələri aparırdıq. Şirkət bizə əvvəlcə fərqli təkliflə müraciət eləmişdi. Amma biz çalışdıq ki, məsələni tərəfdaşlığa çevirək. Danışıqlar nəticəsində buna nail olduq və 3 illik əməkdaşlığı razılaşdırdıq.

Anar Hacıyev şirkətlə əməkdaşlıqda əsas məqsədləri barədə fikirlərini belə davam etdirdi: "Bizim burda əsas məqsədimiz azarkeşlərimizi biraraya toplayan, geniş müzakirələrə imkan yaradan fan-tətbiqlər, aplikasiyalar vasitəsilə onların klub istiqamətində verə biləcəyi töhfələri ümumiləşdirərək birləşdirməkdən, koordinasiyalı iş birliyindən faydalanmaqdan ibarətdir. O ki qaldı qazanc məsələsinə, indiki halda bundan danışmaq çox tezdir. Bu, Azərbaycanda ilk dəfə tətbiq ediləcək bir smart fan-sistem olacaq. Müasir yeniliklərın fonunda texnoloji proseslərin müşayiəti ilə bu sahəyə baş vuran və ilkə, yeniliyə imza atan Azərbaycan təmsilçisi "Qəbələ" oldu. Ölkəmizdə indiyə qədər belə bir innovativ layihə olmadığı üçün qazanclar haqda öncədən proqnoz vermək tezdir. İnanırıq ki, bu əməkdaşlığın "Qəbələ", ümumən isə ölkə azarkeşlərinə sevimli komandaları ətrafında yeni ideyalarla toplaşmaq-formalaşmaq baxımından çox xeyiri dəyəcək. Hazırda iki dildə (Azərbaycan və ingilis) olacaq mobil tətbiqin tamamlanması işləri həyata keçirilir".