ŞOK məbləğ - "Neftçi" bu 5 futbolçuya ayda 153 min manat əmək haqqı verir!
Azərbaycan Premyer Liqasında qeyri-sabit çıxış edən, son olaraq isə həm futbolçuların fərdi keyfiyyəti, həm ustalıq, həm də büdcə baxımından özündən qat-qat zəif "Turan Tovuz"a 0:4 hesabı ilə uduzan "Neftçi"də işlərin bərbad vəziyyətdə getdiyi aydın görünür.
Klubun sadiq azarkeşləri ölkə Kubokunda finala güc-bəla ilə çıxan "ağ-qaralar"da rəhbər dəyişikliyinin qaçılmaz olduğu qənaətindədir. Azarkeşlərin sosial şəbəkədə keçirdiyi sorğulardan konkret görmək mümkündür: "Neftçi"sevərlər prezident Kamran Quliyev, menecer Zaur Əzizov və baş məşqçi Laurentsiu Regekampfın birmənalı şəkildə istefasını tələb edir. Əsasən də ümidləri doğrultmayan legionerlərin aylıq külli miqdarda maaşı havayı yerə alması qıcıq doğurur.
mediasport.az saytı klub daxilindən azarkeşlərin çox narazı qaldığı legionerlərdən bəzilərinin aylıq əmək haqqları barədə məlumat öyrənib. Misal, düşərgəyə qışda qoşulan Mateus Saldanya 30 min dollara (!) oynayır. Yəni, ayda 51 min manat! Bu, təxminən "Turan Tovuz" kimi komandanın ay ərzində 13-15 futbolçusuna verdiyi əmək haqqına bərabərdir.
Amerikalı Kenni Sayef ayda 25 min dollar alır, komandaya 1 qəpik xeyiri olmayan Vato Arveladze isə oturduğu yerdə 15 min dollar qazanır. Legionerlərdən ən az alanlar Sezar Meza Kollli ilə Yeqor Boqomolskidir - hərəyə 10 min dollar. Ümumilikdə isə bu 5 futbolçunun aylıq əmək haqqı 90 min dollar - 153 min manat deməkdir! Gerisi artıq təfərrüatdır...
Məsələn, "Turan Tovuz"da bu mövsüm 15 qol vuran Runi Evanın aylıq maaşı 3 min dollardır.
Yaxud "Kəpəz"dəki Abdullahi Şuaybu "Neftçi"nin hansı legionerindən zəifdir? Mövsümə 10 qol vurub, ayda cəmi-cümlətanı 1000 dollar əmək haqqı alır.