"Ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik"
“Ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər bir kollektivin şansı var. Güclü komanda seçməli olsam, Niderland millisinin adını çəkərdim".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi Ratomir Deliç “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan təsnifat matçlarındakı rəqibləri dəyərləndirərkən deyib.
Serbiyalı mütəxəssis bütün komandaların güclü olduğunu bildirib: "Onlar favoritlərdən biri hesab olunurlar. Bu, idmandır və hər şey ola bilər. İndi nəsə deməyin mənası yoxdur. Sadəcə, nəyə qadir olduğumuzu göstərməliyik".
O, oyunçuların qarşıya qoyulan məqsədə çatmaq üçün sonadək döyüşəcəklərinə inandığını vurğulayıb: "Serbiyada hazırlıq keçəcəyik. Ümid edirəm ki, mart ayında hansısa turnirdə iştirak edərik. Bilirsiniz ki, yeni formalaşmış komandayıq. Qızlar ötən mövsüm birlikdə oynamadılar. Təcrübə toplamalıyıq”.
Azərbaycan millisi təsnifat oyunlarında Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.