"Rəqibim güclüdür, amma mənim üçün fərqi yoxdur" - Vüqar Kərəmov
Noyabrın 4-ü Bakıda məşhur “Rizin” Döyüş Federasiyasının “Landmark 7” turniri təşkil olunacaq.
Mediasport.az xəbər verir ki, yarışda iştirak edəcək MMA döyüşçülərimizdən Vüqar Kərəmov bu gün keçirilən mətbuat konfransında iştirak edib.
Yaponiyalı rəqibinin güclü olduğunu deyən idmançımız yalnız qələbəyə kökləndiyini bildirib: "Rəqibim güclüdür, amma mənim üçün bunun fərqi yoxdur. Uzun müddətdir xaricdə ölkəmi təmsil edirəm, amma bu dəfə Vətəndə vuruşacağam. Ümid edirəm ki, ortaya layiqli nəticə qoyacağam. Öz ölkəmdə döyüşmək böyük məsuliyyətdir. Buna görə də məşqlərimizi daha da gücləndirmişik. Heç bir idmançı istəməz ki, doğma yurdunda rəqibə məğlub olsun".
V. Kərəmov Çihiro Suzukinin döyüşlərini izlədiyini vurğulayıb: "Onun potensialına və gücünə bələdəm. Rəqibimin şou xarakterli hərəkətlərinə önəm vermirəm. Nə olursa-olsun, soyuqqanlı yanaşmalıyam. Hərtərəfli hazıram”.