"İlkə imza atmaq istəyirik" - Türkiyə Superliqasının azərbaycanlı lideri

"İlkə imza atmaq istəyirik" - Türkiyə Superliqasının azərbaycanlı lideri

“Sizin, jurnalistlərin vasitəsilə Azərbaycanın qadın futbolunu insanlara daha geniş çatdıra, təbliğ edə, kütləviliyi artıra bilərik. Belə məsələlər çox önəmlidir. Bunu həmişə qeyd edirəm. İşlərimizi işıqlandırdığınız üçün sizə təşəkkür edirəm! İnşallah, biz də bir azərbaycanlı kimi çalışırıq ki, ölkədən kənarda Vətənimizi layiqincə təmsil edək”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası və Türkiyənin "Fomget" klubunun baş məşqçisi Siyasət Əsgərov deyib.

36 yaşlı mütəxəssis saytımıza geniş açıqlama verib.

O, ilk olaraq Azərbaycanda qadın futbolunun inkişaf mərhələsinə qədəm qoymasına toxunub:

“2012-ci ildə ölkəmizdə U-17 qızlar arasında dünya çempionatı keçirildi. Bundan sonra Azərbaycanda qadın futbolunun inkişaf dönəmi başladı. Biz qadın futbolunda gənc ölkəyik. İndiki nəticələrin təməli 2010-cu ildən atılıb. Doğrudan da hər şey planlı şəkildə olur. Öncə qadın futbolu ilə bağlı ölkəmizdə liqalar yox idi. İndi şükürlər olsun, respublika üzrə liqalar təşkil edilir. Yüksək Liqada komandalarımız var. Düzdür, istədiyimiz səviyyədə deyi. Lakin ona da vaxt lazımdır. Düşünürəm ki, bəlli müddətdən sonra bu da olacaq. Ümid edirəm ki, Azərbaycan Premyer Liqası klublarının hamısına qadın komandaları yaradılsa, inkişaf üçün böyük rol oynayar. Doğrudur, bəzi klublarımızda bu, artıq var. Onlara minnətdaram. Premyer Liqada 10 komanda var, arzu edirəm ki, 10 dənə də qadın komandası olsun. Belə olsa, həqiqətən Azərbaycan müəyyən bir vaxtda daha yaxşı inkişaf edəcək. Milli komanda olaraq, biz çox gəncik. Cəmi 2 tsikl oynamışıq. Birincə dəfə Avropa çempionatının seçmə mərhələsində çıxış etdik, qrupda 3 xal toplamışdıq. Sonra isə dünya çempionatının seçmə mərhələsində oynadıq. Orada isə 7 xal yığdıq. Daha çox xal qazana bilərdik. Amma yenə də ildən-ilə inkişaf görünürdü. Biz işə başlayanda liqanın səviyyəsi istədiyimiz formada olmadığı üçün belə bir plan qurduq ki, milli komandanın tərkibində olan qızları ölkə xaricinə çıxardaq. Yəni, onların qonşu ölkələrdə oynamalarını təmin edək. Bu ölkələrdə liqaların səviyyələri daha yaxşıdır. Misal üçün Türkiyə, Qazaxıstan və Rusiyanın adını çəkə bilərəm. Yadınızdadırsa, bir ara qapıçımız Aytən Şərifova İslandiyada legioner həyatı yaşadı. Şükürlər olsun ki, ortaya qoyduğumuz plan, strategiya indi öz bəhrəsini verir”.

Gənc mütəxəssis bu yolda AFFA-nın da onları daim dəstəklədiyini vurğulayıb: “2010-cu ildə dünya çempionatının seçmə mərhələsində iştirak edən U-17 yığmasının çox hissəsi indi əsas milli komandada olan qızlardır. Heyətin yan-yörəsini də daha öncədən oynayan qızlarla və aşağı yaş qruplarında özümüzün yetişdirdiyimiz gənclərlə tamamladıq. Bu gün millimizin 15 futbolçusu Türkiyə və başqa ölkələrdə çıxış edir. Hamısı ilə maraqlanıram, əsasən Türkiyədə oynayanlarla bağlı işim rahatdır. Gözümün qarşısındadırlar, görürəm, izləyirəm. Ayşən Əhmədova bu ildən PAOK-da çıxış edir. Yeni dönəmdə məqsədimiz Türkiyədə, Rusiyada oynayan qızlarımızı Avropanın qadın futbolunun daha da çox inkişaf etdiyi ölkələrinə göndərməkdir. Bunun üçün çalışırıq. Federasiya da bizə dəstək olur. İndiyə qədər onlar hər bir addımda yanımızda olublar”.

Gənc mütəxəssis qadın futbolunda Millətlər Liqasının yaradılmasını çoxdan gözlədiklərini bildirib: “Uzun müddət gözlədiyimiz bir şey var idi: Millətlər Liqası. Nəyə görə? Çünki Avropa və dünya çempionatının seçmə mərhələsində bildiyiniz kimi, həm A, həm də B səbətindən ölkələr rəqibimiz olur. Onlar da qadın futbolunda çox inkişaf ediblər. Bu, bizə çətin olur. Millətlər Liqası elədir ki, orada öz səbətimizdən komandalar düşür. Bu turnirin yaradılması qadın futbolunda bizim kimi ölkələr üçün böyük stimuldur. Qrupumuz məlumdur (Monteneqro, Kipr və Farer adaları-red.), iki oyun keçirmişik, bu gün 4 xalla qrup birincisiyik. Əsas hədəfimiz də qrupdan çıxmaqdır. İlk matçda Kiprlə Bakıda 1:1 bərabərə qalsaq da, qələbə qazana bilərdik. Hesabda öndə idik. Futbol səhvlər üzərində qurulub. Səhvimiz oldu və qol buraxdıq. Neçə vaxt idi ki, rəsmi oyunlar olmurdu, yalnız yoldaşlıq görüşlərinə çıxırdıq. Bir az həyəcan da var idi. Qızlar ilk dəfə belə ciddi yarışda, Millətlər Liqasında çıxış edirdilər. Amma səhvlər üzərində çalışıb ikinci turda səfərdə Monteneqronu məğlub etdik. Onlar qrupumuzda yer alan çox yaxşı qadın futbolu olan ölkələrdən biridir. Keyfiyyətli oyunçuları var. Bu rəqibi əvvəldən də tanıyırdıq. Dünya çempionatının seçmə mərhələsində bizimlə eyni qrupda idilər. Səfərdə məğlub olub evdə qalib gəlmişdik. Digər tərəfdən, bu komandanın iki futbolçusu mənim rəhbərlik etdiyi "Fomget”də oynayır deyə, rəqibi analiz etmək bizim üçün daha asan və rahat oldu. Qızlara nə göstəriş verdiksə, nə tapşırdıqsa, hamısını düzgün icra etdilər. Düzdür, Kipr millisinin də 4 xalı var. Noyabrın 27-də səfərdə Farer adaları ilə, 31-də isə Bakıda Monteneqro ilə qarşılaşacağıq. Məqsədimiz hər iki oyundan maksimum xal toplamaqdır. Allahın izni ilə bunu edib bir ilkə imza atmaq istəyirik".

O, qadın futbolçular üzrə Azərbaycan milli komandasının aşağı yaş qrupları ilə bağlı bunları qeyd edib: “Əlbəttə, bizim U-15, U-17, U-19 milli komandalarımız var. Düzdür, aşağı yaş qruplarında istədiyimiz keyfiyyətdə kütlə yoxdur. Bunun üçün də vaxt lazımdır. Bəzi ailələr var ki, doğrudan da istedadlı uşaqları futboldan uzaqlaşdırırlar. Buna görə nə qədər uşaq "itirmişik". Şükürlər olsun ki, əvvəlki illərlə müqayisədə, bu gün kütlənin fikri dəyişib. Artıq qızın, qadının futbol oynamasına yaxşı, normal baxırlar. 2010-cu ildə biz kimlərəsə yalvarırdıq ki, "Olar, qızınız futbolla məşğul olsun?" - İndi isə valideynlər bizim departamentə zəng edirlər və qızlarının futbol oynaması ilə bağlı məsləhət alırlar. Bu, çox sevindirici haldır. Amma yenə də şüuraltında bəzi fikirlər qalıb. Ümumi götürsək, U-15 milli komandamızda düşündüyümüz keyfiyyətdə olan futbolçuların sayı daha çoxdur. İnşallah, böyüdükcə sadaladığım səbəblər üzündən onları itirmərik. U-17 və U-19-da da nəzarət etdiyimiz qızlar var. Kütlə çox olmasa da, var. Səbirsizliklə onların bəlli yaşa gəlmələrini gözləyirik ki, əsas milli komandanın tərkibinə dəvət edək”.

Türkiyə Superliqasında mübarizə aparan “Fomget” cari mövsüm Siyasət Əsgərovun rəhbərliyi altında 7 oyunun hamısında qalib gələrək liderliyini davam etdirir. Baş məşqçi klubda işlərinin qaydasında getdiyindən söz açıb, Türkiyədəki fəaliyyətini açıqlayıb: “Keçən il "Fomget" klubunun idman direktoru idim. Əsas işim Türkiyə Superliqasında olan komanda ilə bağlıydı. Klubun akademiyası da var. Orada 200-ə yaxın qız futbol oynayır. Həm onlara, həm məşqçi heyətinə nəzarət edirdim. Lakin rəhbərliyin məqsədi əsas komandaya fikir ayırmağım idi. Şükürlər olsun, keçən il Türkiyə çempionu olduq və Çempionlar Liqasına vəsiqə qazandıq. Həmin turnirdə mübarizəyə başlamadan komandanın baş məşqçisi kimi çalışmağımla bağlı təklif gəlmişdi. Çempionlar Liqasında iştirak etmək üçün kateqoriya çox önəmlidir. Baş məşqçilərin "A" ya da PRO lisenziyasının olması yaxşı haldır. Bu məqamlar da nəzərə alınaraq, mən komandanın baş məşqçisi oldum. Düzdür, Çempionlar Liqasında qrupda 2-ci olduq və növbəti mərhələyə vəsiqə qazana bilmədik. Bir az təcrübəmiz çatmadı. Çempionlar Liqasında ilk dəfə idi ki, çıxış edirdik. Həyəcan, stress hiss olunurdu. Buna baxmayaraq, həmin turnirə hazırlaşarkən paralel olaraq Superliqa üçün hazırlığımızı davam etdirirdik. Klub rəhbərliyinin qarşımıza qoyduğu hədəf birdir: ötənilki çempionluğu təkrarlamaq. Bu il çempionat bir qədər fərqli formatda keçirilir. Artıq pley-off sistemi yoxdur. komandalar ev-səfər prinsipi ilə oynayır və sonda ən çox qal toplayan çempion olacaq. Hazırda Superliqada 16 klub mübarizə aparır. Legioner limiti də dəyişdirilib, ötən il "6+2" idi, bu ildən "7+3" formatına keçildi. Legioner limitinin artırılması daha çox keyfiyyətli futbolçuların Türkiyəyə gəlməsinə səbəb oldu və liqanın səviyyəsi yüksəldi".

Yeni mövsüm öncəsi heyətin yarıdan çoxunun dəyişdiyini vurğulayan məşqçi komandada yer alan millimizin futbolçusu, hazırda PAOK-da çıxış edən Ayşən Əhmədovanın ayrılmasına toxunub: “Çempion olduqdan sonra futbolçuların 50%-i komandadan ayrıldı. Heyətdən getməsini istəmədiyimiz oyunçulardan biri Ayşən Əhmədova idi. Bəzi oyunçularımız da var idi ki, özümüz onlarla danışıb yollarımızı ayırdıq. Heyətə yeni qızlar dəvət edildi. Belə deyək, komandanın 50 faizi yeniləndi. Azərbaycan yığmasının başqa bir üzvü - Vüsalə Seyfətdinovanı gətirdik, bu gün komandanın aparıcı futbolçularındandır. Ondan başqa, həm Türkiyə milli komandasında oynayan, həm də keyfiyyətli legionerləri cəlb etdik. Əsas hədəfimiz bu il də çempion olmaqdır. Artıq 7 tur geridə qalıb. Şükürlər olsun ki, 7-də 7 ilə davam edirik".

Millimizin çalışdırıcısı “Fomget” rəhbərliyinin qadın futboluna çox ciddi yanaşdığını, ciddi yatırım etdiyini deyir: "Komandanın özünün bazası var. Kişilərin Superliqa yarışında "Osmanlıspor" klubu var idi, akademiyamız həmin klubun bazasında yerləşir. Oradakı meydançada oynayırıq, məşqlərimizi keçirik. Akademiyamız 4 mərtəbəlidir. Futbolçulardan bəziləri orada yaşayır, bəziləri isə evdə. Komanda çempion olduqdan sonra akademiyaya olan tələbat da çoxaldı. Keçən il 200 qız akademiyada futbol oynayırdısa, bu il həmin say artıq 400-ə yaxınlaşıb. Tələblər də çoxalıb. Akademiyamızdan milli komandaların aşağı yaş qruplarına çox sayda qızlar dəvət alır. Bu, bizi sevindirir. Akademiya ilə əsas komanda arasında düzgün əlaqə var. Hazırda 3 gənc qız futbolçumuz əsas komandanın tərkibində məşqlərə çıxır. Hər şey yaxşıdır, gözəldir. Çox yaxşı prezidentimiz var. Hər şey sistemli şəkildə gedir. Çox keyfiyyətli komandaya sahibik. Qarşımıza çempion olmağı məqsəd qoymuşuq. Çünki bu il Çempionlar Liqasında qruplara getməklə bağlı hədəfə çata bilmədik. İnşallah, bu mövsüm də birinci olaraq Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik".


Rövşən