Avropa çempionatında 5 cüdoçumuz medalsız qaldı
Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 23 yaşadək cüdoçular arasında Avropa çempionatının fərdi yarışında çıxışlarını başa vurublar.
mediasport.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub.
3 cüdoçumuz - Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq) və Ruslan Nəsirli (100 kq) bürünc medal uğrunda həlledici görüşə qatılsa da, hamısı uduzaraq beşinci yerlə kifayətləniblər.
Qadın təmsilçilərimiz - Südabə Ağayeva ilə Nərmin Əmirli isə elə ilk görüşlərindəcə məğlub olublar.
İdmançılarımızdan ilk gün Nazir Talıbov (60kq) qızıl, Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) isə gümüş medal qazanmışdılar. Bu gün AÇ-də komanda yarışı baş tutacaq. Yığmamız təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək.