Azərbaycan Kubokunda 29-cu final və ya 3299 gündən sonra ikinci duel
“Neftçi” və “Qəbələ” tarixində ikinci dəfə Azərbaycan Kubokunun finalında qarşılaşacaq.
mediasport.az xəbər verir ki, bu komandaların 3299 gündən sonra həlledici qarşılaşmada ikinci dueli olacaq.
Buna qədər birinci və sonuncu dəfə tərəflər 2013/2014-cü illər mövsümünün finalında üz-üzə gəliblər. 9 il əvvəlki matçda 1:1 hesabı qeydə alınıb və penaltilər seriyasında “Qəbələ” 3:2 hesablı qələbə ilə kuboka sahib çıxıb.
Kubok tarixində indiyə qədər 28 final oynanılıb. Həmin görüşlərdə 7 fərqli hesab qeydə alınıb.
Əlavə vaxtın da keçirildiyi qarşılaşmalardakı 120 dəqiqəlik mübarizəni də nəzərə alsaq, ən çox 1:0 hesabı olub. 9 final oyununda cəmi 1 top vurulub. Eyni zamanda finallarda 2:1 (7 dəfə), 2:0 (5), 1:1 (3), 0:0 (2), 3:1 (1) və 3:0 (1) hesablarına da rast gəlinib.
Ümumilikdə 12 görüşdə əlavə vaxt oynanılıb. Bunun 7-də artırılmış 30 dəqiqədə qalibi müəyyənləşdirmək mümkün olub, 5 halda isə qalib penaltilər seriyasından sonra məlum olub.
Sabah “Bakcell Arena”da keçiriləcək 31-ci Azərbaycan Kubokunun final oyunu saat 20:00-da start götürəcək.