Azərbaycan Türkiyədə keçiriləcək Dünya çempionatına dəvət edilib

Azərbaycan Türkiyədə keçiriləcək Dünya çempionatına dəvət edilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) illik hesabat konfransı keçirilib.

mediasport.az xəbər verir ki, Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Tədbirdə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, 2022-ci il qurum üçün yeni mərhələ ilə əlamətdar olub. AKAF-ın mətbuat xidmətinin rəhbəri Vüsal Qurbanov çıxışında vurğulayıb ki, ən önəmli məqam işğaldan azad olunan Qarabağda beynəlxalq yarışın təşkil edilməsi idi.

Qeyd edilib ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2024-cü ildə Türkiyədə keçiriləcək dəniz avarçəkməsi üzrə Dünya çempionatına dəvət edilib. Baş katibin sözlərinə görə, azərbaycanlı məşqçilər bununla bağlı Türkiyədə təlim-məşqlərə qatılacaqlar: “Bizim də istəyimiz dəniz avarçəkməsi üzrə yarışlar təşkil etməkdir. Artıq gələn il bu növ üzrə daxili yarış planlaşdırırıq. Bakıda test olaraq məşq etdiyimiz ərazidə paytaxt çempionatı keçirməyi düşünürük”.

F.Əliyev türkiyəli həmkarları ilə bu idman növünün inkişaf etdirilməsi yönündə müntəzəm əlaqədə olduqlarını, məsləhətləşdiklərini söyləyib.