MOK-da beynəlxalq görüş olub
Milli Olimpiya Komitəsində (MOK) Namibiya, Toqo, Burkina-Faso, Komor adaları, Çad, Lesoto, Nigeriya, Madaqaskar və Esvatini Milli Olimpiya komitələrinin rəsmiləri ilə görüş keçirilib.
Mediasport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə görüşün əhəmiyyətindən danışıb.
MOK-un baş katibi Azər Əliyev Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafından, dövlətimiz tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.
Qurumun Beynəlxalq Proqramlar idarəsinin müdiri Anar Bağırov qonaqlara Azərbaycan idmançılarının qazandığı mükafatlar barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanıblar.
Bunun nəticəsidir ki, ölkəmiz tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib.
Komor adlarının Milli Olimpiya Komitəsinin baş katibi Hilmi Abud Said, Toqo Milli Olimpiya Komitəsinin prezidenti Deladem Akpaki, Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub qeyd ediblər ki, ölkəmizə səfərləri zamanı burada olan idman infrastrukturu Afrika qitəsindən olan rəsmilərin diqqətindən yayınmayıb.
Onlar vurğulayıblar ki, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı yüksək nailiyyətləri barədə kifayət qədər məlumatları var və əldə olunan medallar ölkəmizdə idmanın inkişafının göstəricisidir.