MOK-un təsis etdiyi festivala 54 layihə təqdim olunub

MOK-un təsis etdiyi festivala 54 layihə təqdim olunub

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, iclasda Komitənin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, festivalın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova münsiflər heyətinin qiymətləndirməsi üçün daxil olan layihələrin sayını açıqlayıb.

O, qeyd edib ki, festivala 54 layihə təqdim olunub: “Layihələr 5 nominasiya üzrə bölünüb. Onlardan 8-i “Həyat naminə - İdman”, 9-u “Zərif qəhrəman”, 13-ü “Güclü, iradəli”, 12-si “Gələcək qaliblər”, 12-si isə “Reklam və promo çarxlar” nominasiyaları üzrədir”.

İclas zamanı münsiflər heyəti səsvermənin keçirilmə qaydasını da müzakirə edib. Qərara alınıb ki, fevralın 16-da hər nominasiya üzrə 3 namizəd seçiləcək və qaliblər də həmin namizədlər arasından müəyyənləşəcək.

Z. Meftahətdinova həmçinin qeyd edib ki, “Zərif qəhrəman” nominasiyası yeni olmasına baxmayaraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın münsiflər heyətinin üzvü Xanlar Məmmədov “Gələcək qaliblər” nominasiyasına uşaq və yeniyetmə idmançılara həsr olunmuş 12 layihənin təqdim olunmasını müsbət hal kimi dəyərləndirib.

“Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov isə MOK-un təsis etdiyi festivala yaradıcı kollektivlərin və fərdi müəlliflərin böyük marağı olduğunu mühüm amil kimi qiymətləndirib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev bildirib ki, festivala təqdim olunan film və proqramların keyfiyyətinə xüsusi diqqət yetirilib və peşəkar yanaşma hiss olunur.

İclasda festivalın mükafatlandırma mərasiminin Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçiriləcəyi xüsusi vurğulanıb.