Bakı metropoliteni: "Neftçi"dən müraciət daxil olmayıb"

Bakı metropoliteni: "Neftçi"dən müraciət daxil olmayıb"

"Neftçi"nin ev oyunlarını keçirdiyi stadion 4 avqustdan "Neftçi Arena" adlandırılıb. Lakin stadionun adının dəyişdirilməsindən 2 aydan çox vaxt keçsə də, metropolitenin bəzi stansiyalarında məkan "Bakcell Arena" deyə qeyd olunub. Bunun səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Emin Əfəndi ilə əlaqə saxladıq.

Klub rəsmisi Futbolpress.az saytına açıqlamasında bunları deyib: "Məlum olduğu kimi, bu ilin 4 avqust tarixində ev oyunlarını keçirdiyimiz stadionun adı dəyişdirilərək "Neftçi Arena" olub. Amma hələ də, şəhərin bəzi yerlərində, stadiona yaxın olan metrostansiyalarda arena köhnə adı ilə, yəni "Bakcell Arena" kimi göstərilir. "Neftçi" PFK olaraq bir daha bununla bağlı lazımi qurum və strukturlara məlumat verib, ən qısa vaxt ərzində bu çatışmazlığın aradan qaldırılmasını gözləyirik".

Mediasport.az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun fikirlərini öyrənib. Qurum rəsmisi deyib ki, onlara stadionun adıyla bağlı lövhələrlə əlaqəli müraciət daxil olmayıb:

"Bakı metropoliteninə bununla bağlı müraciət daxil olmayıb. Əslində, müraciət daxil olanda daha çevik reaksiya vermək olur. Hər hansı bir məlumatın mediada xəbər kimi dərc olunması ona rəsmiyyət gətirmir.

Ümumiyyətlə, metropolitendə stansiyalara yaxınlıqdakı ərazilərlə bağlı dövri monitorinqlər aparılır və bunun əsasında naviqasiya lövhələri yenilənir. Bu isə texniki proses olduğundan müəyyən vaxt və ya müddət tələb olunur. Təxminən bir ay əvvəl "Xalqlar dostluğu" stansiyasındakı statik lövhələrdə və monitorlarda yenilənmə başlayıb. Texnoloji proses ardıcıllığı ilə yenilənir. Bunu hətta "Neftçi" azarkeşlərindən də görərək, təşəkkür ediblər, digərlərinin də nə vaxt dəyişdiriləcəyini də soruşublar".

Qeyd edək ki, "Neftçi Arena" əsasən "Xalqlar dostluğu" metrosuna yaxın yerləşdiyi üçün stadionun adını əks etdirən lövhə və monitorlar yalnız bu stansiyada mövcuddur.