"Qarabağ"dan yeni rekord
"Qarabağ" Azərbaycan Premyer Liqasının 20-ci turunda "Kəpəz"i məğlub edib (2:1).
Mediasport.az xəbər verir ki, həmin qarşılaşma Qurban Qurbanovun komandası üçün əlamətdar olub.
Ağdam təmsilçisi 2023/24 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb. Yubiley qolunun müəllifi Toral Bayramov olub. "Qarabağ" ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub.
"Köhlən atlar" 14 dəfə "50"yə çatan "Neftçi"ni arxada qoyub. Ümumilikdə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri bunu bacarıb.
Buna qədər 17 klub eyni nəticəni göstərib: "Qarabağ" - 15, "Neftçi" - 14, "Kəpəz" - 7, "Şamaxı" - 4, "Bakı", "Turan", "Şəmkir" - 3, "Karvan", "Xəzər" (Sumqayıt), "Xəzər Lənkəran" - 2, "Şüvəlan", "Azəri", "İnşaatçı" (Bakı), "Kürmük", "Viləş", "Sabah", "Xəzri" - 1.