Yığmamızın böyük məşqçisi FİASKO barədə: "Deyiləcək söz yoxdu"
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı milli komandamız üçün rüsvayçılıqla bitdi - mundialı medalsız başa vurduq.
mediasport.az saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov "Futbol+" qəzetinə müsahibəsində taekvondoçularımızın fiaskosu barədə danışıb.
Təmsilçilərimiz 16 dəst medaldan birinə də yiyələnə bilmədi. Nəticə haqda nə deyə bilərsiz?
- Deyiləcək söz yoxdu. Hər şey bəllidi. Dəyərləndiriləcək nə var ki?! Rəqiblərin öhdəsindən gəlmək mümkün olmadı.
Uğursuz çıxışın səbəblərini necə izah etmək olar? Mundiala hazırlıq mərhələsində boşluqlara yol verilmişdi, yoxsa nəticəni taekvondoçuların fərdi səhvləri müəyyənləşdirdi?
- Hazırlıq prosesi yüksək səviyyədə idi. Məşqçilər korpusu tam məsuliyyətlə işini gördü. Biz qələbələrə köklənmişdik. Düzdü, yığmanın bütün üzvlərinin uğurlu çıxış edəcəyini gözləmirdik. Hamı eyni bacarığa malik ola bilməz. Çox güvəndiyimiz idmançılar var idi ki, etimadı doğrultmadı. Bununla yanaşı, bizim üçün ev döyüşləri idi. Rəqiblər bunu nəzərə almışdı. Bilirsiz ki, səfərdə çıxış etməyin mahiyyəti daha fərqli olur. Həqiqətən qonaqlar çox yaxşı hazırlaşmışdı.
Hansı idmançılar məşqçilərdə xəyal qırıqlığı yaratdı?
- Ad çəkmək bəlkə də doğru olmaz. Digər idmançılara haqsızlıq etmək istəmirəm. Amma son çıxışlarına əsasən yaxşı nəticə gözlədiyimiz uşaqlar var idi. Bir-iki nəfərdən hətta qızıl medal gözləyirdik. Məsələn, ötən il Meksikada keçirilən dünya çempionatında Cavad Ağayev bürünc medal qazanmışdı. Bu dəfə isə çox tez - 1/16 finalda çinli rəqibinə məğlub oldu. Səyyad Dadaşov sentyabrda Avropa çempionu olmuşdu, Eltac Qafarov isə həmin yarışda bürünc medal qazanmışdı. Bu dəfə gözləntilər doğrulmadı.
Federasiyanın vitse-prezidenti Nağı Səfərov yığmanın “onurğa sütunu” sayılan iki titullu taekvondoçunun - Milad Beiqi Harçeqani ilə Radik İsayevin karyerasını bitirdiyini açıqladı. Onu da əlavə etdi ki, idmançılarla məşqçi arasında müəyyən anlaşılmazlıq var. Radik Nağı Səfərovu yalan danışmaqda ittiham edir. Bu haqda nə düşünürsüz?
- Həmin hadisələrin cərəyan etdiyi dönəmdə millidə deyildim. Açığı, bu haqda geniş informasiyaya malik deyiləm. Hər iki idmançı ilə bu mövzunu müzakirə etsəm də, dəqiq nəticə çıxara bilmədim. Yəqin ki, lazım olan vaxtda federasiya öz mövqeyini ortaya qoyacaq.
Harçeqani ilə İsayevin xidmətlərini nəzərə alsaq, yenidən yığmaya çağrılmaları mümkündü?
- Hazırda bu məsələ müzakirə olunmur. Ola da bilər, olmaya da. Federasiyanın qərarından asılıdı.
İyunun 23-26-da 3-cü Avropa, 2024-cü ildə isə Paris Yay Olimpiya Oyunları keçiriləcək. Dünya çempionatındakı uğursuzluğun həmin yarışlara mənfi təsir edəcəyini demək olar?
- Təəssüf ki, hə. Bakıda qazanmalı olduğumuz medalların önəmi böyük idi. Bilindiyi kimi, ən çox xalı dünya çempionatındakı nəticələr verir. Bundan məhrum olduq. 3-cü Avropa Oyunlarına 8 taekvondoçumuz (5 kişi, 3 qadın – red.) lisenziya qazanıb. Olimpiadada iştirakımız isə sual altındadı. Buna idmançıların yarışlarda qazanacağı xallar aydınlıq gətirəcək. İşimiz çox çətin olacaq.