"Yığmanın baş məşqçisi postu hamıya nəsib olmur, şərəfli və məsuliyyətli işdir" - Faiq Qarayev

"Yığmanın baş məşqçisi postu hamıya nəsib olmur, şərəfli və məsuliyyətli işdir" - Faiq Qarayev

Voleybol üzrə qadınlardan ibarət əsas milli komandamızın "sükanı arxasına" keçən Faiq Qarayev mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, o, öncə yeni təyinatı ilə bağlı fikirlərini bölüşüb:

"Mənim üçün xoş gündür. 2024-cü ildə voleybolda məşqçiliyimin 40 ili tamam olacaq. Prosesləri kənardan izləyə bilməzdim. Voleybol həmişə yüksəklərdə olub".

O, işinin çətin olduğunu və yığmada qarşısına məqsəd qoyduğunu deyib:

"Təklifi qəbul edərkən çox düşündüm. Bu, tək mənim işim deyil. Əl-ələ verib bu idman növünü yüksəklərə qaldıra bilərik. Keçmişlə yaşaya bilmərik. Uğurlar olub. Yığmanın baş məşqçisi olmaq hamıya nəsib olmur, şərəfli və məsuliyyətli işdir. Hesab edirəm ki, düzgün istiqamət götürsək, nailiyyətlər əldə edə bilərik. Xalq və azarkeşlər bizdən qələbələr gözləyir".

64 yaşlı mütəxəssis Prezident İlham Əliyevin voleybola diqqət göstərdiyini vurğulayıb:

"2000-ci ilin əvvəlində Milli Olimpiya Komitəsinin prezidenti olanda bizə dəstək göstərdi. Həmin vaxt şəraitimizin yaxşılaşdırılmasına kömək etdi".

Sonda isə tənqidlərdən qorxmadığını dilə gətirən Qarayev, ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Faiq Qarayevin qadınlardan ibarət əsas milli komandanın boş qalan baş məşqçi postuna təyinatı bu gün gerçəkləşib.