Qurban Qurbanovdan 2 dəfə çox maaş alan Mutu göndərilə bilər

Qurban Qurbanovdan 2 dəfə çox maaş alan Mutu göndərilə bilər

"Qarabağ"a növbəti dəfə məğlub olan "Neftçi"nin baş məşqçisi Adrian Mutunun istefaya göndərilməsi gündəmə gəlib.

Lakin klub rəhbərliyi onunla qarşılıqlı razılaşma ilə vidalaşmaq niyyətindədir.

Çünki "ağ-qaralar"la yayda 2 illik müqaviləyə qol çəkən çalışdırıcı yola salınsa, külli miqdarda təzminat alacaq.

Təzminat demişkən, 44 yaşlı mütəxəssisin əmək haqqı ilə bağlı Mediasport.az saytına maraqlı xəbər daxil olub.

Mötəbər mənbədən əldə etdiyimiz informasiyaya görə, rumıniyalı mütəxəssis Azərbaycanda ayı 70 min dollara - yəni, 119 min manata (!) işləyir.

Bu, ölkəmizdə idman adamının aldığı ən yüksək əmək haqqıdır.

Maraq üçün, Azərbaycanın bir nömrəli məşqçisi Qurban Qurbanov ayda 60 min manat maaş alır.

Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmadan sonra paltardəyişmə otağına yollanan "Neftçi"nin əsas himayədarı SOCAR-ın rəhbəri Rövşən Nəcəf rumın məşqçiyə dişinin dibindən çıxanı deyib (inandırıcı olmasa da).

Mutuya Azərbaycanda hər cür şərait yaradıldığı, ölkədə ən çox maaş alan məşqçi olduğu, ailəsinin bütün istəklərinin qarşılandığı, istədiyi futbolçunu transfer etdiyi və.s. məqamlar xatırladılıb, hədsiz qorxaq futbol oynatdığı üzünə vurulub.