Hakimlərimiz yeni təyinat alıblar: Biri "Fənərbağça"nın oyununda
Beynəlxalq dərəcəli voleybol hakimlərimiz Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.
Mediasport.az xəbər verir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin "Nilüfər Bələdiyə Bursa" (Türkiyə) - "Lugoj" (Rumıniya) qarşılaşmasında ikinci hakim olacaq. İlk oyun türkiyəlilərin qələbəsi ilə bitib - 3:1.
Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev CEV kubokunun pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin "Fənərbağça" və Ukraynanın "Prometey" klublarının cavab matçında ikinci hakim funksiyasını icra edəcək. İlk qarşılaşma Ukrayna klubunun qələbə ilə yekunlaşıb - 3:1.
Hər iki oyun bu gün keçiriləcək.