Mahmud Qurbanov: "Hakimlər diqqətli olsalar, daha yaxşıdır"
"Bu sezon ilk dəfə idi ki, beşli müdafiə ilə oynayırdıq. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Çünki rəqibin mərkəz müdafiəçiləri ağırdı. İlk hissədə hər şey istədiyimiz kimi olmadı. Qapımızda qol gördük. Əks-hücumlar etdik, amma qol epizodumuz yox idi. Fasilədən sonra isə dördlü müdafiəyə qayıtdıq. Bundan sonra hücumda da oyunumuz yaxşı alındı. Deməzdim ki, rəqib 0:2-dən sonra arxayınlaşmışdı. Onlar qol vurmaq istəyirdi".
mediasport.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov deyib.
O, Premyer Liqanın 15-ci turunda komandasının "Neftçi"yə 1:3 hesabı ilə məğlubiyyətini şərh edib.
- Birinci qolu vurduqdan sonra yenə də şansımız var idi. Amma matçın dönüş nöqtəsi hakimin təyin etdiyi ikinci penalti idi. Başa düşürük, “Neftçi”nin məqsədi çempionluqdur. Amma biz çempionluğa oynamırıq. Hakimlər diqqətli olsalar, daha yaxşıdır. İkinci penalti təyin edilməsəydi, bəlkə də geridönüş baş verəcəkdi. Dediklərim bəhanə deyil.
Beşli müdafiədən məcburiyyətdən istifadə etdik. Zədəlilərimiz var idi. Heç mövsümün əvvəlindəki yoxlama görüşlərində də beşli müdafiə ilə oyuna çıxmamışdıq. İlk dəfə oynasaq da, pis alınmadı. Müdafiə xəttimiz də yaxşı idi. Ola bilər ki, gələcəkdə də eyni sxemlə meydana çıxdıq.