“Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı”dan sonra MOİK...
Futbol üzrə Azərbaycan 1-ci Liqasının 5-ci turu MOİK üçün əlamətdar olub.
Mediasport.az xəbər verir ki, səfərdə “Karvan”a 3 cavabsız qolla qalib gələn Bakı klubu mövsümdə 3-cü qələbəsini qazanıb.
Bu, klubun tarixinə yeni uğur kimi düşüb. Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü qələbəsini əldə edib.
1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olublar.
Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl Güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl Birinci dəstə və Birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.
MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qələbə qazanıb.