"Rəşad Sadıqovla görüşəndə bu haqda danışacağıq" - Millinin keçmiş kapitanı ilə MÜSAHİBƏ
Basketbol üzrə U-18 milli komandamız və "NTD Servis"in baş məşqçisi, əsas yığmanın köməkçi məşqçisi, uzun illər Azərbaycan millisində kapitan olmuş Tahir Baxşıyev mediasport.az saytına müsahibə verib.
Fasilədən sonra basketbol üzrə ölkə çempionatı yenidən keçirilir. Mövsümə iddialı "Sərhədçi" üzərində qələbə ilə başladız.
- Bəli, sevindirici məqamdır ki, basketbol çempionatı yenidən keçirilir. İlk turda “Sərhədçi” ilə görüş çox maraqlı alındı. Oyunun əvvəlində hesabda irəliyə keçə bilmişdik. Beş dəqiqə isə xal toplamağı bacarmadıq və rəqib də bizə çatmışdı. İkinci və dördüncü periodda da eyni gedişat oldu. Amma sonda qalib gəlməyi bacardıq. Bilirsiz, komandalar yeni yığılıb, çox məşq etməyiblər. Səhvlərimizin üzərində işləyəcəyik, uşaqlar bir-birinə öyrəşəcək. Hər şey üçün zaman lazımdı.
3 ildi çempionat keçirilmirdi. Sizcə, bu müddətdə basketbolumuz nə qədər gerilədi?
- Daha çox itirən uşaqlarımız oldu. Bizim üçün böyük problemlər yaşandı. U-18 yığmamız var idi, 15-16 yaşlı oyunçularla çıxış etdik. Beynəlxalq təcrübələri olacaqdı, olmadı. Bu da bizdən asılı məsələ deyil. Əsas odur ki, hazırda liqamız keçirilir.
Əvvəlki çempionatlarla bu mövsümkünü necə müqayisə edərdiz?
- Bu cür səviyyədə çempionatımız heç vaxt olmayıb. Mən oynadığım vaxtda dominant klub “Qala” idi. Düzdü, “Azəri”, BSŞ, Qərb Universiteti, NTD kimi komandalar oynayırdı. Sadəcə, yalnız "Qala"dominantlıq edirdi. Bu mövsümkü çempionat isə daha rəqabətlidi. Hələ ki, tam olaraq dominant komandanın olduğu görünmür. Doğrudu, “Gəncə” favorit hesab edilir. Amma “Zirvə Astara”ya cəmi bir xalla qalib gəldilər. Hələ hər şey qabaqdadı. Əsas odur ki, daha çox məşq edərək, səhvlərimizin üzərində işləməliyik.
Favoritlərdən biri “Gəncə”dirsə, digəri də “NTD Servis”di. Çempionluq sizin üçün realdı?
- Bir-iki turla nəsə demək olmur. Çempion olmaq istəməsəydik, yarışa qatılmazdıq. İnanıram ki, bütün komandalar bu fikirdədi. Hələ oyunlar çoxdu, pley-off matçları var. Digər komandalar da hələ legioner gətirəcək, güclənəcəklər, yanvarda “transfer pəncərəsi” olacaq.
Basketbol yığmamızın baş məşqçisi Aleksandar Trifunoviçi nə birinci, nə də ikinci turda tribunada görmüşük.
- O, hazırda Azərbaycanda deyil.
Milli komandamız 8 ildən sonra yenidən FİBA-nın reytinq cədvəlinə daxil edilib.
- Yenidən reytinqə qayıtmağımız gözəl, sevindirici məqamdı. Düzünü deyim, 2011-2012-ci illərdə reytinq xalımız, hansı pillədə olmağımız yadımda deyil. Bolqarıstanı məğlub etmişdik, İsveçlə yaxşı oyunlarımız var, yadda qalıb. Belə liqalar davam etsə, uşaqlara qayğı olarsa, daha da çox qələbələr qazanacağıq. Biz tələsməyi çox xoşlayırıq. Amma komanda idman növlərində zamana ehtiyac var. Biz də tez bir zamanda nəticənin olmasını istəyirik. Hər komandada üç əcnəbi, iki yerli oynamalıdı. Məncə, hansı komandada yerli basketbolçular daha güclüdürsə, çempion olacaq. Sonda da azərbaycanlı basketbolçuların statistikasına baxarsınız. Mənim komandamda gənclər çoxdu. Biz üstünlüyü onlara verdik, ən yaşlı basketbolçumuz 25 yaşındadı. Altı basketbolçumuz isə 16 və ondan daha aşağı yaşdadı. "Sərhədçi"də də cavan uşaqlar çoxdu. Demək olar ki, hər şey sıfırdan başlanılıb. Hər halda, üç il basketbol olmadı.
Burada çıxış edən legionerlərin səviyyəsindən razısız?
- Yaxşı legionerlər var. Amma bir-iki oyunla nəsə demək olmaz. Elə oyun olacaq 30 xal yığacaq, deyəcəyik ki, super oyunçudu, o biri matçda 1 xal toplayarsa, fikirlər dəyişəcək. Oyunlara baxmaq lazımdı. Mənə görə oyunçu stabil olmalıdı. Elə basketbolçu ola bilər ki, 10 xal toplasın, komandasının qələbəsinə kömək olsun. Mənim üçün stabil oyunçu daha önəmlidi. Skaut bölməmiz yoxdu, nə yalan deyim? Doğrudu, bu, olmalıdı. Amma gələcəkdə səviyyə yüksəldikcə, o da olacaq.
Federasiya tərəfindən maliyyə dəstəyi sizi qane edir?
- Bəli, problemimiz yoxdu, hər şey bizi qane edir.
Görünən budur ki, dövlət səviyyəsində basketbola daha ciddi diqqət ayrılır.
- Bəli, elədir. Müsbətə doğru çox şey dəyişilib.
Həyatını basketbola həsr etmiş təcrübəli kimi kənardan Azərbaycan basketbolunun real mənzərəsi necədi? Neçə ildən sonra Azərbaycan basketbolu orta səviyyədə olacaq? Ən azından Avroliqa üçün yaxşı komandamızın olması mümkündü?
- 12 legioner oynadaraq Avroliqada super komanda yarada bilərik. Məsələn, ÇSKA-nın (Moskva-red.) son görüşünə baxmışdım, demək olar ki, rusiyalı yox idi. Buna yaxşı baxmıram. Yəni, 1-2 il legionerlə oynayacaqsan, bəs davamı? Bizim üçün önəmli olan yerli basketbolçularımızın bazasını yaratmaqdı. Gələcəkdə legionerin sayının azalmasını istəyirik. Bilirsiz, burada bunu etsək, Avroliqada bizə legionerlərin gücü lazımdı. Bu da olsa, yerlilər belə qalır. Geniş müzakirə mövzusudu.
Ölkə xaricində millimiz üçün Azərbaycan əsilli oyunçular axtarırsız?
- Əlbəttə ki, xaricdə azərbaycanlılar var. Bacardığımız qədər onları milliyə cəlb etmək istəyirik. Bizə də onlar haqda məlumatlar gəlir. Türkiyədə, ABŞ-da, Rusiyada oynayanlar var, danışıqlarımız gedir. Çoxu cavandı. Valideynlərindən uzaq qalmaq, təhsil məsələsi var. Amma onları milliyə cəlb etmək üçün əlimizdən nə gəlirsə, onu edirik.
Müstəqil Azərbaycan futbolunun əsas yetirmələrindən, hazırda "Zirə"də baş məşqçi işləyən Rəşad Sadıqovla yaxın dost olduğunuzu bilirik. Futbolsuz qaldığı dönəmdə onu basketbola məhz siz dəvət etmişdiz. Maraqlıdır, Sadıqovu bu mövsüm oyunlara dəvət etmisiz?
- Hələ ki, bu barədə Rəşad Sadıqovla danışmamışıq. Amma gələcəkdə görüşəndə, əlbəttə ki, Rəşadla bu barədə söhbət edəcəyik.
Basketbol çempionatının bu mövsüm yaxşı durumda olduğunu, Sadıqovun da basketbola marağının yüksək olduğunu nəzərə alsaq, sizcə, "Zirə"nin basketbol klubunun yaradılması istəyər?
- Bu barədə mən dəqiq bir söz deyə bilmərəm. Çünki Rəşadla mövzu haqda söhbətimiz olmayıb. Bəlkə də.
Söhbətləşdi: ElMir