AFFA cərimələri yağdırdı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, "Səbail", "Neftçi" və "Qəbələ" klubları cərimələnib.
Bayıl təmsilçisi 1500 manat ödəyəcək. Buna "dənizçilər"in Premyer Liqanın II turunda "Neftçi" ilə matçın (1:1) ikinci hissəsinə gec çıxmalar səbəb olub.
Komanda həmin görüşdə 5 oyunçusu sarı vərəqə ilə cərimələndiyi üçün daha 700 manat cəriməyə məruz qalıb.
Məşqçi Elmir Xankişiyev də "Səbail"i ziyana salıb. Mütəxəssis qarşılaşma vaxtı meydana kənar əşya atdığına görə ikisi şərti olmaqla dörd matçlıq cəzalanıb. Kluba isə 3500 manat cərimə kəsilib. Sınaq müddəti 3 ay təyin olunub.
"Neftçi"nin baş məşqçisi Adrian Mutu isə “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə "ağ-qaralar” 500 manat ödəməli olacaq.
"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırılıb.
Hücumçu Premyer Liqanın II turunda "Araz-Naxçıvan"la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. "Qırmızı-qaralar" buna görə 2000 manat cərimələniblər.