İlk gün 3 "gümüş" qazandıq, 4 cüdoçumuz medalsız qaldı- Qran-pri
Cüdo üzrə yığma komandamızın üzvü Turan Bayramov Tacikistanın paytaxtı Düşənbədə start götürən Qran-pri yarışında final görüşünə çıxıb.
mediasport.az xəbər verir ki, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən idmançı qızıl medal uğrunda qarşılaşmada neytral statusla güləşən Ramazan Abdullayevə ipponla məğlub olaraq gümüş medalla kifayətlənib.
Turan Bayramovla yanaşı, Yaşar Nəcəfov (66 kq) və qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) qızıl medal uğrunda görüşlərdə uduzublar.
Turnirin ilk günündə millimizin 7 cüdoçusu tatami üzərinə çıxıb. 48 kq-da Leyla Əliyeva, daha əvvəl isə Rövşən Əliyev (60 kq), Ruslan Paşayev (66 kq) və Könül Əliyeva (48 kq) turniri medalsız tərk edib.