"Sabah"ın ulduzu gedir? - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci yeri tutmuş "Sabah"ın yarımmüdafiəçisi Aleksey Kaşuk 2022/2023-cü illər mövsümünün mükafatlandırılma mərasimindən sonra müsahibə verib.
mediasport.az xəbər verir ki, ukraynalı yeni mövsümdə komandada qalıb-qalmayacağı barədə sualı da cavablandırıb.
Mövsümü gümüş medalla başa vurduz, hər şey istədiyiniz kimi alındı?
- Bəli, bu mövsüm komandamız üçün uğurlu keçdi. Ötən mövsümü 5-ci pillədə başa vurmuşduq. Ancaq bu mövsümü gümüş medallar qazandıq. Turnir cədvəlində yüksəlməyi bacardıq. Son turlara qədər çempionluq mübarizəsi apardıq. Qarşıdakı mövsüm komandanın heyəti saxlanılıb, yeni, keyfiyyətli futbolçular cəlb olunarsa, çempionluq uğrunda da yarışmaq şansımız yaranacaq.
Mövsümün gedişində, indi də ən çox müzakirə olunan mövzu "Sabah"da qalıb-qalmayacağınla bağlı məqamdır...
- Bu barədə indi bir söz deyə bilməyəcəm. "Şaxtyor"la müqaviləm var. Hər şey onların verəcəyi qərardan asılı olacaq. Mən Azərbaycanı və "Sabah"ı bəyənirəm. Burada oynamaq mənə xoşdur. Komanda gələcək mövsüm avrokuboklarda Azərbaycanı təmsil edəcək. Bura qayıtmağım baş tutmasa, "Sabah"a uğurlar arzulayacam, onlara azarkeşlik edəcəm. Amma qayıtmaq alınsa, çox şad olacam.
"Şaxtyor" rəhbərliyinə "Sabah"da qalmaq istədiyini demək istəyirsən?
- Təbii ki, "Şaxtyor" rəhbərliyi ilə söhbət edəcəyik. Gələcək karyeramın uğurlu olması adına addımlar atacağıq. Necə olacağını zaman göstərəcək.
Səncə, "Sabah" avrokuboklarda uğurlu çıxış edə bilər?
- Yayda məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdan ibarət idi. Sona bir neçə tur qalmış məqsədimizə çatdıq. Şadam ki, "Sabah" avrokuboklarda iştirak edəcək. Ümid edirəm ki, püşkatmada bəxtimizə yaxşı oynayacağımız və mərhələni keçə biləcəyimiz rəqib çıxacaq.
Yeri gəlmişkən, yayda U-21 yığmalarının Avropa çempionatı keçiriləcək. Ukrayna millisində çıxış edəcəyini nəzəər alsaq, çətin olmayacaq sənə?
- Məşq etməkdənsə daha çox oyun oynamaq həmişə xoşdur. Ukraynanı təmsil etmək mənim üçün böyük fəxr olacaq.
Məlumata görə, "Şaxtyor" sənə görə "Sabah"dan beş milyon avro tələb edib.
- Bu barədə məlumatım yoxdur. Kimsə beş, kimsə bir milyon avro yazar. İstənilən halda hər şey "Şaxtyor"un verəcəyi qərardan asılıdır. Kluba rəsmi təklif göndəriləcəksə, onlar baxacaqlar. "Şaxtyor"un məni hansı qiymətə satmaq istədiyinə gəldikdə, bu onların biləcəyi məsələdir.