"Şamaxı-2" xərəkdaşıyanların yaşı az olduğu üçün cəzalanıb" - AÇIQLAMA
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda ötən həftə futbol üzrə Azərbaycan liqalarında qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib. Cəzalar arasında bir məqam xüsusi diqqəti çəkir.
Belə ki, I Divizionun 22-ci turunun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunur (maddə 64.1).
Cəzadan belə anlaşılır ki, "Şamaxı" futbol klubu azyaşlı uşaqları istismar edir. Məsələni dəqiqləşdirmək üçün əlaqə saxladığımız və futbol yarışlarını keçirən Peşəkar Futbol Liqasının (PFL) Mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevin mediasport.az saytına açıqlaması belə oldu:
- Əsasnaməyə görə Premyer Liqa, Azərbaycan Kuboku və Birinci Divizion oyunlarında xərəkdaşıyanların yaşı 16-dan yuxarı olmalıdı. "Şamaxı-2" - "Səbail-2" görüşündə əsasnamənin tələbləri pozulduğu, yəni, uşaqların yaşı az olduğu üçün meydan sahibi komanda cərimə edilib.
Xüsusi qeyd edək ki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən, işə düzəlmək üçün minimum yaş həddi 15-dir. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.