Yığma komandamızın baş məşqçisi yola salındı, əvəzləyicisi də açıqlandı
Futzal üzrə 17-qat ölkə çempionu "Araz-Naxçıvan" millimizin baş məşqçisi Joze Alesio Da Silva və köməkçisi Cordan Silva ilə yollarını ayırıb.
mediasport.az xəbər verir ki, klubla müqaviləsi mayın 31-də başa çatmış braziliyalılarla əməkaşlıq yenilənməyib. Joze Alesionun milli komandada aqibətinə isə AFFA İcraiyyə Komitəsinin bugünlərdə baş tutacaq yığıncağında aydınlıq gətiriləcək.
Braziliyalı mütəxəssisi Vitali Borisov əvəz edəcək. Yığma komandamızın sabiq üzvü, ən titullu futzalçımız olmuş Borisova serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçisi Zoran Rakiçeviç kömək edəcək.
P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinə nəzərdə tutulub.
Vitali Borisov oyunçu kimi Azərbaycan millisi ili yanaşı, “Araz-Naxçıvan”ın da kapitanı olub. Müxtəlif illərdə Rusiya və Serbiya klublarında legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib, köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci illərdə Yüksək Liqada bürünc medalı qazanıb, Azərbaycan Kubokunun qalibi olub.