Avropa çempionatı: 2 boksçumuz finalda, 2-si isə "bürünc" qazandı
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.
Şahin Aslanov (52 kq) gürcüstanlı Snadro Kapanadzeni məğlub edib - 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27). Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələcək.
Səftər Məmmədzadə (90 kq) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənistanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məmmədzadə çempionluq üçün Yosip-Vladislav Kozakeviçlə qarşılaşacaq.
Digər boksçularımızdan Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) Avropa birinciliyini bürünc medalla başa vurub.