"Turan Tovuz" MŞ-nin sədri: "Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur"

"Turan Tovuz" MŞ-nin sədri: "Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur"

"Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyev Azərbaycan Premyer Liqasının 10-cu turunun "Qarabağ"la görüşündən (2:2) sonra jurnalistlərə müsahibə verib.

Mediasport.az xəbər verir ki, maraqlı oyun keçdiyini deyən qərb klubunun rəhbəri jurnalistlərin suallarını cavablandırıb, hakimliklə bağlı iradını da bildirib.

- Gözəl oyun oldu. İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi. “Qarabağ” çox güclür, Avropada sözünü demiş komandadır. Bu cür rəqibə qarşı belə bir oyun oynamaq bizi qürurlandırdı. Azarkeşlərimizə belə bir gözəl oyun bəxş etdiyimiz üçün daha çox sevinirik. “Qarabağ”a qarşı bərabərlik önəmlidir. Amma ən önəmli olanı belə gözəl oyun ilə heç-heçəyə nail olmaqdır. Ona görə sevincliyik.


"Qarabağ" 90-cı dəqiqədə hesabda irəli çıxandan sonra xal qazanmaq ümidinizi üzdüz?

- Biz komandamıza həmişə güvənirik. Hakimin final fitinə qədər ümidimizi üzmürük. Komandamız istər zəif, istərsə də güclü oynasa da, bu inam dəyişmir. Biz rəhbərlik olmaqla yanaşı, “Turan Tovuz”un azarkeşiyik.

Hesaba alınmayan qolla bağlı fikirləriniz necədir?

– Məncə, qol idi. Hakimin idarəçiliyi barədə nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, bu epizod qol idi. Siz bunu daha yaxşı qiymətləndirə bilərsiniz. Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur. “Qarabağ”ın isə, ümumiyyətlə, belə bir şeyə ehtiyacı yoxdur. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar.

“Huner Group”un Tovuz stadionunda gördüyü işlər göz önündədir. Mövsüm ərzində daha hansı dəyişikliklər gözlənilir?

– Çox çətin sualdır. İşıqlandırmanı həll etməsək, akademiya binası tikməsəydik, 3-5 yaxşı oyunçu ala bilərdik. Hətta UEFA Konfrans Liqasına belə, gedə bilərdik. Tovuz şəhəri, azarkeşlər axşam radələrində belə işıqlandırmada oyun izləməyə layiqdir. Ona görə də infrastrukturu həll etmədən oyunçular almaq ötəri nailiyyətdir. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir. Digər komandalar burada oynayaraq zədələnə bilirlər. “Qarabağ”ın Avropada çox böyük nailiyyətləri var.

“Turan Tovuz”un səfərdə daha yaxşı oynamasının süni ot örtüyü ilə əlaqələndirilməsi fikri ilə razısız?

– Əlbəttə, yüz faiz belədir. Süni ot örtüyündə hər futbolçu oynamır. Texniki oyunçular gətirmişik. Səfərdə oyunlara görə turnir cədvəlinin üst pillələrindəyik. Ev oyunlarında isə bu nəticə ilə sonuncuyuq. Ötən il də belə idi. Dəyişən heç nə olmayıb. Ot örtüyü təbii ilə əvəzlənməsə, heç nə dəyişməyəcək.

AFFA-dan bununla bağlı müraciətiniz nə cavab gəlib?

– Danışıqlarımız gedir. Onları da anlayışla qarşılayırıq. Amma rica etmişik. İsrarla fikirlərimizi onlara çatdırırıq. Tovuz şəhərinin yaxınlığında, şəhərdən 1-2 kilometr aralıda ərazi almışıq. Aşağı yaş qrupu üzrə komandalarımız oyunlarını orada keçirəcək.

"Turan Tovuz" marketinq layihələrindən gəlir götürə bilir?

– Gəlirimiz çox azdır. Gözlədiyimizin 20 faizi dəyərində məbləğ qazanılır. Uşaq futbolunu dəstəkləmək üçün azyaşlı azarkeşlərin stadiona girişini ödənişsiz etmişik. Onlar bizim gələcək azarkeşlərimizdir. Biletin qiymətləri isə baha deyil, 2 manatdır. Turniketimiz yoxdur. Ona görə bəzən nəzarət etmək çətin olur. Bunlar isə zamanla düzələcək.