"Çalışacağıq ki, İsveçlə oyunda azarkeşlərimizi sevindirək"
"Meydandan qələbə ilə ayrılmaq istəyirik".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı AFFA-nın mətbuat xidmətinə müsahibəsində deyib.
32 yaşlı qolkiper sonuncu ev matçına çıxacaqlarını xatırladıb: "Estoniya üzərində səfərdə əldə etdiyimiz qələbə komandada özünəinamı artırmışdı. Məhz bu istək, həvəs və özünəinam ilə Avstriya qarşısına çıxdıq. Yaxşı mübarizə aparıb, təhlükəli vəziyyətlər yaratsaq da, təəssüf ki, penaltidən buraxdığımız qolla məğlub olduq. Qarşıda bizi qrupun son iki oyunu gözləyir. Əlbəttə, istənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq çətindir. Çalışacağıq ki, İsveçlə oyunda azarkeşlərimizi sevindirək. Bu, evdə keçirəcəyimiz son oyun olacaq. Meydandan qələbə ilə ayrılmaq istəyirik".
Ağayev seçmə mərhələdə sonuncu matçla bağlı fikirlərini də bölüşüb: "Avropa çempionatının finalına vəsiqəni təmin edən, qrupun lideri Belçika yığması ilə qarşılaşacağıq. Uğurlu nəticə qazanmaq üçün son dəqiqəyə qədər mübarizə aparmalıyıq, meydanın hər bir qarışı uğrunda “döyüşməliyik”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. Azərbaycan yığması 3 gün sonra Belçikanın qonağı olacaq. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Hesabında 7 xal olan İsveç üçüncüdür. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.