"Adam fikirləşir ki, Qərb bölgəsində elə böyük futbol olmasa, yaxşıdır"

"Adam fikirləşir ki, Qərb bölgəsində elə böyük futbol olmasa, yaxşıdır"

"İnanmaq istərdim ki, Tovuzda Ayxan Abbasovu istefaya səsləyənlər həqiqətən də deyildiyi kimi, 3-4 nəfərin ətrafına topladığı azyaşlı azarkeşlərdi. Yox, bu, hansısa daxili qüvvələrin təxribatıdırsa, onda vay Tovuz futbolunun halına".

mediasport.az xəbər verir ki, bu fikirlər tanınmış menecer Erkin İbrahimova məxsusdur.

O, "Turan-Tovuz"la "Kəpəz"in bugünlərdə istefaya çağırılan baş məşqçiləri - Ayxan Abbasovla Tərlan Əhmədov və ümumən qərb futbolu haqqında fikirlərini paylaşıb. İbrahimovun paylaşımını olduğu kimi təqdim edirik:

"Turan-Tovuz"un əsas heyətində maaşı 1000 manat belə olmayan futbolçular var. Komanda tam sıfırdan yığıldı. Tovuza nəinki keyfiyyətli legioner, heç ortabab yerli futbolçunu belə cəlb etmək çətindir. Kollektivdə toplaşanların əksəriyyəti də məhz Ayxan Abbasova görə Tovuza gəlməyə razılıq verib. Mövsümdən əvvəl "təki liqdən düşməyək" deyən azarkeşlər indi necə ola bilər ki, 6-ci yerdə qərar tutan komandadan narazılıq edirlər?! Təbii ki, söhbət ya öyrədilmiş, ya da futbola qəbilə məntiqi ilə yanaşan adamlardan gedir. 

Ondan əvvəl də "istefa" şüarları Gəncədə Tərlan Əhmədovun ünvanına səsləndirildi. Əhmədov "Kəpəz"i qəbul edərkən komanda hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir...Bu gün "Kəpəz" bəlkə də çempionatın ən baxımlı oyun sərgiləyən komandasıdır. 

Hərdən adam fikirləşir ki, bəlkə Qərb bölgəsində elə böyük futbol olmasa, yaxşıdır. İnfrastruktur problemi, daxili intriqalar...90-ci illərin şirin xatirələri ilə yaşayan, mental olaraq 90-ci illərdə qalmış adamların baxış bucağı dəyişilmir: Tovuzda tovuzlu, Gəncədə isə gəncəli məşqçi çalışmalıdır. "O vaxt "Qarabağ" Yevlax postuna çatan kimi ilk qolu buraxırdı, ayqa"...

Bəylər, o vaxtlar hər şey fərqli idi. Qusik, Xaliq, Vidoş, Mahmud hara gedirdilərsə, həmin komanda mövsüm başlamamış çempion elan olunurdu. 11 gəncəli, 11 tovuzlu ilə çempion olmaq mümkün idi. "Styaua" ilə "Srvena Zvezda" legioner olmadan Çempionlar Kubokunu qazanırdı. Hazırda isə bu klublar heç qrupdan belə çıxa bilmirlər. 

90-ci illərdən bəri futbol bir industriya kimi çox dəyişiliklərə məruz qaldı. Bu gün pulun varsa, titulun olacaq. Pulun yoxdursa, ən yaxşı halda ortabab olaraq vaxtıvı keçirəcəksən. Aylıq maaşı 2 min dollar olan 3 legioner çıxış edir "Turan-Tovuz"un əsas heyətində. Abbasovdan nazarı olanlar, bir gedin baxın cari mövsüm toplam 3-4 qol vurmuş autsayder "Səbail"ın ehtiyatında oturan hücumçuları nə qədər maaş alır..."