"Yoxlama oyununda da indi yaşananlar başımıza gəlmişdi"
Premyer Liqada 2023-cü ilin ilk görüşü Gəncədə keçirildi.
mediasport.az xəbər verir ki, 19-cu turun "Kəpəz" - "Qəbələ" qarşılaşmasında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşmədi - 2:2.
Meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov ilk hissəsi 2:0 hesabı ilə gəncəlilərin xeyrinə başa çatan oyun haqda fikirlərini bildirib. Təcrübəli mütəxəssis matçın iki fərqli hissədən ibarət olduğunu deyib:
- Fasilədən sonra komanda bəlkə də meydanda hesabı qorumağa oynadı, amma tapşırıq tamamilə başqa idi. Fasilədən sonra birinci oyunun ağır keçəcəyini bilirdim. Dörd futbolçunun olmaması bizim üçün problem idi. Türkiyədəki hazırlıq dönəmindəki ilk yoxlama oyununda da indi yaşananlar başımıza gəlmişdi. Hər halda oyunun nəticəsi, bir xal hər iki komanda üçün ədalətli oldu. Hər iki kollektiv iki xal itirdi. Çox istərdik qalib gələk. Turnir cədvəlində mövqemizi düzəldək. Cəzalı futbolçular sıraya döndükdən sonra oyunda dəyişiklik etməyə imkanımız daha çox olacaq, rəqabət yaranacaq. Düşünürəm ki, bundan sonra işlərimiz yoluna düşəcək.