5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən dünyada güclü idman ölkəsi kimi tanınan ölkəmizdə hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ali Baş Komandanın məhz bu tarixi seçməsi təsadüfi deyil. Azərbaycan idmanının böyük dəstəkçisi, Ümummilli lider Heydər Əliyev 1995-ci il martın 5-də Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.

Beləliklə, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın, sürətli inkişafın, böyük uğurların təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

Azərbaycan idmanında ayrı-ayrılıqda çatışmazlıqlar mövcud olsa da, ümumi vəziyyət o qədər də pis deyil. Xüsusən dövlətin bu sahəyə ildən-ilə daha çox diqqət və qayğı göstərməsi mövcud problemlərin süərtli həllində mühüm rol oynayır. İnanırıq ki, qarşıdakı illərdə ayrı-ayrı idman növlərində, ümumilikdə idmanımızda olan problemlər müsbət istiqamətdə həllini tapacaq və güclü bir dövlət kimi bütün sahələrdə əldə etdiyimiz uğurlar burada da əksini tapacaq.

Biz də bu sahənin nümayəndələri kimi, üzərimizə düşən məsuliyyəti dərk edir, idmanın təşəkkül tapmasında, kütləviliyində, dövlətin təbliğat-təşviqat və inkişaf strategiyasına daim dəstək olacaq, Azərbaycan bayrağının dünya arenalarında zirvələrdə yer tutması üçün əlimizdən gələni edəcəyik.

Bayramımız mübarək!

mediasport.az