"Azərbaycan uzaqdadır" - Dünya ulduzlarının baş məşqçisinin gileyi
AÇ-2024-ün seçmə qrup mərhələsində rəqibimiz olacaq Belçika millisinin baş məşqçisi Roberto Martines püşkü dəyərləndirib.
MediaSport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Azərbaycanın uzaqda yerləşməsindən narahat olduğunu deyib.
Martines qrupda əsas rəqiblərinin də adlarını açıqlayıb:
“Qrupda altı komanda əvəzinə beş yığmanın olması yaxşıdır. Belədə gənclərin təcrübə toplamaları üçün yoldaşlıq görüşləri keçirəcəyik. Avstriyanın Ralf Ranqnik kimi təcrübəli baş məşqçisi var. Digər əsas rəqib sayılan İsveç Millətlər Liqasında gözlədiyimiz qədər yaxşı çıxış etmədi. O ki qaldı digər komandalara, Azərbaycan uzaqdadır, bu da özlüyündə bir problemdir. Estoniyanı isə yaxşı tanıyırıq. Avropa çempionatına vəsiqə qazanmaq o qədər də asan deyil. Dünya çempionatında olmayan Avropa çempionu İtaliyaya nəzər yetirsəniz, nə demək istədiyimi anlayarsınız”.
AÇ-2024-ün seçmə mərhələ görüşləri 2023-cü ilin martında başlanacaq.