"Zirə"nin çempionluğuna ürəkdən sevinərəm" - Bolqar klubunun üzvü

"Zirə"nin çempionluğuna ürəkdən sevinərəm" - Bolqar klubunun üzvü

Azərbaycan yığması və Bolqarıstanın "Arda" klubunun futbolçusu Cəlal Hüseynov Mediasport.az saytına müsahibə verib.


İzlədiyimiz qədər, "Arda"da işlərin qaydasında gedir.

- Bəli, hər şey qaydasındadır. Milli fasilədən qayıtmışıq. Çempionatda növbəti oyun əsas rəqiblərimizdən birinə qarşıdır. Gözəl oyunla qalib gəlmək istəyirik.

Xüsusən son 2 ayda daim əsas heyətdə yer alırsan, Demək olar ki, Bolqarıstan klubuna tam adaptasiya olmusan?

- Bəli, demək olar ki, adaptasiya dövrünü keçmişəm. Bu, məndə rahat alındı. İlk dəfə legioner həyatı yaşamağıma baxmayaraq, bura hazır gəlmişdim. Buna görə çox da çətinlik çəkmədim.

Komandan çempionatda yuxarı pillələrdə qərarlaşıb. Səncə, mövsümü medalçılar sırasında başa vura biləcəksiz?

- Hədəfimiz qışa qədər ilk "6-lıq"da yer almaqdır. Bunun üçün çalışacağıq ki, maksimum xal toplayaq. İşlərimiz yaxşı gedir, ümid edirəm ki, belə də davam edəcəyik. Bir oyun az keçirməyimizə baxmayaraq, 5-ci yerdəyik. Çempionatı yüksək sıralarda bitirmək istəyirik.

Bolqarıstanda qalacaqsan, yoxsa Azərbaycana qayıtmaq və ya daha üst səviyyəli futbol ölkəsinə getmək istəyirsən?

- Hələ mövsümün yarısı keçməyib, indidən bu haqda danışmaq tezdir. Ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir fikirim yoxdur. Ona görə nəsə deyə bilmərəm.

Keçmiş klubun "Zirə" bu mövsüm uğurlu çıxış edir. İzləyirsən?

- "Zirə"nin uğurlu çıxışı məni sevindirir. Vaxtım olanda oyunlarına baxıram. İstəyərdim ki, mövsümün sonuna qədər liderliyini qorusun. Komandanın çempionluğuna ürəkdən sevinərəm.