"Milli komandamız belə böyük rəqiblərlə oynamağa hazır deyil" - Yığmamızın baş məşqçisi
"Kosovaya məğlub olsaq da, yaxşı oynamışdıq. Sadəcə, qol epizodlarını dəyərləndirə bilmədik. Buraxdığımız qollar isə qızların həyəcanlı və təcrübəsiz olmasından irəli gəldi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.
Seçmə mərhələdə uğursuz çıxış barədə danışan mütəxəssis ölkəmizdə aşağı yaş qrupları arasında qadın futbolunun populyar olmamasından gileylənib:
"Sloveniya yığması da hazırda çox güclüdür. Portuqaliya kimi nəhəng komandaya qarşı başabaş mübarizə aparır. Digər oyunlarda da böyükhesablı qələbə qazanıblar. Moldovoya qarşı matçda isə üstünlük bizim tərəfimizdə olsa da, yenə qol epizodlarından yararlana bilmədik. Qadın futbolunda belə nəticələr olur. Millimiz belə böyük yığmalarla oynamağa hazır deyil. Əsas milli komandamız yaxşı çıxış edir. Bunun səbəbi qızlarımızın çoxunun legioner həyatı yaşamasıdır. Təbii ki, bu məsələdə Siyasət Əsgərovun böyük rolu var. Aşağı yaş qrupları üzrə qadın futbolumuz populyar deyil deyə seçim etməyimiz çox çətindir. Ümid edirəm ki, gələcəkdə qadın futbolu bizim ölkədə də kütləviləşəcək. O zaman bizim seçim imkanlarımız da genişlənəcək".
Baş məşqçi Azərbaycanda qadın futbolunun birmənalı qarşılanmamasını da qeyd edib: "Buna görə də qadın futbolçu tapmaq çətindir. Mənə elə gəlir, A yığmamızın uğurlu çıxış etməsi qadın futboluna daha çox maraq yaradacaq və xanımların bu idman növünə yönəlməsinə əlavə təkan olacaq. Bundan sonra qadın futbolumuz xeyli inkişaf edə bilər".
Qeyd edək ki, U-19 millimiz seçmə mərhələdə Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabları ilə uduzub, Moldova ilə bərabərə qalıb - 0:0.