PFL bu şirkətlə 1 illik sponsorluq müqaviləsi bağladı

PFL bu şirkətlə 1 illik sponsorluq müqaviləsi bağladı

Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

MediaSport.az xəbər verir ki, anlaşmanı “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov və Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev imzalayıblar.

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar və media nümayəndələri iştirak ediblər. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev “bildiyiniz kimi, cari mövsüm bu, PFL-in 3-cü sponsorluq müqaviləsidir. Sirr deyil ki, istənilən sahədə uğurlu olmaq üçün maliyyənin olması önəmlidir. Bu müqavilələr PFL-in büdcəsinin optimallaşdırılması baxımından vacibdir. Uğurlu olmaq üçün ikinci məsələ büdcənin düzgün idarə olunmasıdır və bunu maksimum yerinə yetirməyə çalışacağıq. “Badamlı” yerli brenddir, süfrələrimizin bəzəyidir. Biz də öz növbəmizdə çalışmalıyıq ki, yerli brendimiz olan badamlı təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda da tanınsın, sevilsin. “Badamlı”nın idmanın, futbolun yanında olması, dəstək verməsi sevindirici haldır və əməkdaşlığımız bizim üçün çox önəmlidir. Sponsorların çox olması düşünürəm ki, futbola azarkeş marağını da artıracaq. Arzu edirəm ki, bu anlaşma hər ikimiz üçün və bütövlükdə Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun” – deyərək, məmnunluğunu ifadə edib.

Artıq idman sahəsində əməkdaşlıq təcrübəsinə malik “Badamlı” şirkətinin Bakı satış mərkəzinin müdiri Ramal Salmanov da yeni əməkdaşlığı yüksək dəyərləndirib: “Biz də öz növbəmizdə bir sponsor yox, tərəfdaş kimi, “Badamlı” olaraq idmana, xüsusən də indi futbolun inkişafına diqqət ayırırıq. Bundan əvvəl bizim idmanın digər sahələrində - boks, basketbolda əməkdaşlıqlarımız olub. Ümid edirəm hamımız üçün xeyirli olar. Bu əməkdaşlığın başlanması "Badamlı"nın 75 illik yubileyinə  təsadüf edir. O gün olsun ki, PFL də 75, 100 yaşını qeyd eləsin. Hər kəsə uğurlar arzu edirəm və bir daha təbrik edirəm”.

Ardından tərəflər bir illik müqaviləyə imza ataraq bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.