Avropa çempionatında daha 3 güləşçimiz medal qazanıb, 4-ü sabah “bürünc” üçün yarışacaq
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bugünkü yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal qazanıb.
Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata yiyələniblər.
Avropa çempionu M.Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. 3-cü yer uğrunda görüşlərdə isə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə Fransa idmançısı Həmzət Arsamerzuyevə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan güləşçilərdən 4-ü - Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə fevralın 18-də bürünc medal uğrunda yarışmaq hüququna yiyələniblər.
Qeyd edək ki, əvvəlki günlərdə yunan-Roma güləşçilərimiz Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) Avropa birincisi olublar, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci yeri tutublar, Beka Kandelaki (130 kq) üçüncülüklə kifayətlənib, qadınların mübarizəsində isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal əldə edib.
Azərbaycan qitə birinciliyində 25 güləşçi ilə təmsil olunur. Yarış sabah başa çatacaq.