"Araz-Naxçıvan" üçün ÇL-də yubiley - 5 illik həsrətə son qoyulacaq?
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” bu gün sayca 75-ci oyununa çıxacaq.
mediasport.az xəbər verir ki, 2005/2006-cı illər mövsümündə qitəmiqyaslı oyunda debüt edən təmsilçimiz indiyə qədər 74 oyunda gücünü sınayıb.
Bu matçlardan 37-də qələbə qazanan ölkə çempionu 13 görüşdə “sülh” bağlayıb, qalan 24 qarşılaşmada isə yenilib. Rəqib qapılarından 293 qol keçirən “Araz-Naxçıvan” 124 dəfə topu torundan çıxardıb. Bosniya və Herseqovinada keçiriləcək qrup oyunları təmsilçimizin 75-ci matçına çıxması ilə yanaşı, həm də 300-cü qolunu vurması baxımından əlamətdar ola bilər. Bunun üçün Joze Alesio da Silvanın komandasına 3 oyunda ümumilikdə 7 qol vurmaq kifayət edəcək.
Təmsilçimiz oktyabrın 26-da, 27-də və 29-da müvafiq olaraq "Örebro" (İsveç), "Loznika Qrad" (Serbiya) və "Mostar" (Bosniya və Herseqovina) klubları ilə üz-üzə gələcək. 5-ci qrupdan ancaq birinci pillənin sahibi olan komanda elit-raunda yüksələcək. İndiyə qədər 13 dəfə əsas mərhələdə iştirak edən komandamız 9 dəfə elit-raunda yüksəlməyi bacarıb. İlk dəfə 2006/2007-ci illər mövsümündə bu tapşırığın öhdəsindən gələn “Araz-Naxçıvan” 2016/2017-ci illər mövsümündən sonra elit-raundda oynamayıb. Baş məşqçi Miltinyonun rəhbərliyi altında Makedoniyada keçirilmiş əsas mərhələ matçlarında maksimum xal toplayan komandamız elit-raundda uğursuz çıxış etmişdi.
Ümumilikdə isə “Araz-Naxçıvan” qitənin ən nüfuzlu klub turnirində 2 dəfə “Dördlər Finalı”nda iştirak edib və hər ikisində bürünc medal qazanıb.