Azərbaycanda bu oyunla bağlı güc strukturlarına müraciət edilib
Azərbaycan futbolunda növbəti dəfə danışılmış oyunlarla bağlı araşdırma aparılır.
Mediasport.az xəbər verir ki, bu barədə “CBC Sport”a AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.
Baş katib açıqlamasında Azərbaycan çempionatının 1-ci Liqasında “İrəvan” - “Araz Saatlı” (1:4) oyunu ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib:
“AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daima diqqətimizdə saxlayırıq. Sözügedən məsələlərlə bağlı siqnal və məlumat daxil olduqda dərhal müəyyən edilmiş addımlar atılır. Müvafiq qurumlara məlumat ötürülür və məsələ araşdırılır.
Sözügedən “İrəvan” - “Araz Saatlı” oyunu ictimaiyyətdə müəyyən söz-söhbət doğurduğu üçün bizim tərəfimizdən nəzarətə götürüldü. Bu barədə UEFA-ya da məlumat ötürülüb. Onlar tərəfindən bu oyunla bağlı AFFA-ya hər hansı məlumat verilməsi mümkündür. Qeyd etdiyim kimi, müəyyən addımlar atılıb, güc strukturlarına müraciət olub. Məsələ tam araşdırıldıqdan sonra bu barədə ictimaiyyətə ərtraflı məlumat veriləcək”.
Qeyd edək ki, artıq “İrəvan” klubu danışılmış oyunlarla bağlı cəzalanıb.
AFFA İntizam Komitəsi martın 18-də 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb. Onlardan ikisi məhz “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.
Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.
Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla, 2 illik futboldan uzaqlaşdırılıb.
Bunlar yenə “İrəvan”dan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır.
Onların da hər birinə 1 illik sınaq müddəti verilib.
II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.