Fan-klubların üzvləri qış hazırlığı haqda: "Komandamızın transfer siyasəti sıfırdır" - SORĞU

Fan-klubların üzvləri qış hazırlığı haqda: "Komandamızın transfer siyasəti sıfırdır" - SORĞU

Azərbaycan Premyer Liqasında qış fasiləsi geridə qaldı. Təlim üçün bütövlükdə Türkiyəni seçən təmsilçilərimiz artıq yeni ildə ilk rəsmi görüşlərini də keçirdilər. Görəsən, təxminən 1 aylıq fasilə və Türkiyədəki hazırlıq, yoxlama oyunları klublarımıza nə kimi fayda verəcək? Əlbəttə, bunu qarşıdakı zaman göstərəcək.

Qış fasiləsi dönəmində əksər komandalarımız heyətlərini gücləndirdi, bəzi futbolçular da yola salındı, bəziləri qalmaq istəmədi-satıldı. Bu mənada ümumi fikir bildirmək hələlik tez olsa da, müşahidə və ehtimallar irəli sürmək mümkündür. Odur ki, klubları illərdir yaxından izləyən sadiq azarkeşlərinin düşüncələrini dinləmək yerinə düşər. Görək, fan-klubların üzvləri nə düşünürlər, sevimli kollektivlərinin qış hazırlığını, transferlərini necə qiymətləndirirlər, ümumiyyətlə, komandalarından nə gözləyirlər?

Sarvan Feyruzov (“Qəbələ” )

- Qış təlim-məşq toplanışını normal dəyərləndirirəm. 3 yoxlama oyununda bir qələbə, bir heç-heçə, bir məğlubiyyət oldu. Bu görüşləri izlədim, qənaətbəxş idi. Bəzi çatışmazlıqlar var idi, onu da yəqin ki, məşqçilər heyyəti yoluna qoyacaqlar. Təəssüf ki, fasilə zamanı transfer gözləsək də, baş vermədi. Bunu da klubun maddi vəziyyətinə görə normal qarşılayıram. Əvvəlki illərlə müqayisədə, "Qəbələ"nin büdcəsi indi xeyli aşağıdı. Amma ümumilikdə mövsümün əvvəlində edilən transferlər yaxşı təsir bağışlayır. Klubun mövsümü necə bitirəcəyi sualına gəldikdə, avrokuboklara vəsiqə verəcək ilk 4 pillədən birini tuta biləcəyinə inanıram. Bundan başqa, ölkə kubokunu qazanmaq üçün də çox gözəl şansımız var. Komandamız xüsusən ölkə kubokunda bu mövsüm çox gözəl təsir bağışlayır. Buna görə kuboku qazanacağımıza inamım çox böyükdür.


Loğman Məlikli ("Şamaxı" )

- Komandanın Türkiyəyə təlim məşq toplanışına getməsi həqiqətən yaxşı oldu. Çünki heyyətdə gənc, təcrübəsiz oyunçular çoxdur. Əksəriyyəti "dubl"dan gəlib. Toplanış zamanı xarici komandalara qarşı oynayaraq təcrübə topladılar. Azarkeş qrupu olaraq gedəcək futbolçuların çoxunu öncədən bilirdik. Çünki oyunları stadionda izlədikcə öz aramızda müzakirələr aparıb kimin daha az, kimin daha çox fayda verdiyini görürdük. Gedənlərin hər birinə karyeralarında uğurlar arzulayırıq. Ən azından bu günə qədər komandamız üçün əziyyət çəkiblər. Gələn oyunçuların "Şamaxı"ya faydalı olacağına inanırıq. Məşqçilər heyəti, yəqin ki, onların qarşısına tələblər qoyub.

Komandanın mövsümü neçənci pillədə bitirəcəyinə gəlincə, bu haqda bir söz demək çox çətindir. Çünki rəqiblərimiz heyətlərini legionerlərlə gücləndirib. Bütün yeni transferlər özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaq deyə bizim üçün çətin olacaq. Ancaq ən azı indi olduğumuz pillədə qalacağımızı düşünürəm. İlk mövsüm üçün pis nəticə deyil. Hətta yaxşıdır deyərdim. Çünki gənc oyunçularla oynayırıq. Heyətdə legionerlər olsa, 5-6-cı yerləri tuta bilərdik. Bu heyətlə tutduğumuz pillə normaldır. Məşqçilər heyətinə çox inanırıq. Onlar  bizim üçün xeyli sayda yerli oyunçu yetişdirirlər. Ölkədə keyfiyyətli yerli futbolçu qıtlığı var. Ona görə gənclərə şans vermək lazım idi. Azarkeş qrupu olaraq ən böyük istəyimiz "Şamaxı"nın heyətindən milli komandaya oyunçuların çağırılmasıdır. Cəlal Əliyevin bizdə icarədə  olmasını nəzərə alsaq, çox istərdik ki, komandanın öz yetirmələrindən də kimsə yığmaya dəvət alsın. Hamısı bizim qardaşlarımızdır, onların uğuruna sevinirik.


Kamran Babayev ("Sumqayıt" )

- Qış təlim toplanışı ilə bağlı hələ danışmaq tezdir. Komanda yeni gəlib, bir oyunla dəqiq fikir bildirmək çətindir. Amma məncə, yeni gələn oyunçular zamanla daha yaxşı performans göstərəcəklər. Klubdan gedənlərə isə gələcək karyeralarında uğurlar arzulayıram. Mənim fikrimcə, mövsümün sonunda "Sumqayıt" ən azı 6-cı pillədə qərarlaşacaq. Samir Abasova və komandanın oyunçularına sonsuz inanırıq.


Nicat Cəfərzadə ("Turan Tovuz")

- Ümumilikdə komandanın qış hazırlığı yay toplanışından daha səmərəli oldu. Yayda komandanın tam hazırlıq keçmək imkanı olmamışdı, komanda yeni qurulmuşdu. Bəzi futbolçularımız çempionat başlayandan sonra bizə qoşuldular. Oyunçular arasında anlaşma zəif oldu. Komanda ümumilikdə fiziki cəhətdən tonusa düşə bilməmişdi. Ən böyük problemlərdən biri o idi ki, istənilən transferləri etmək alınmamışdı. İndi vəziyyət bir qədər fərqlidir. Yeni transferimiz Denis komandaya yayda gətirilməli idi, amma alınmadı, yerinə alternativ futbolçu alındı, o qədər də faydalı olmadı. Qış hazırlığından sonra komanda artıq kompaktlaşdı, oyunçular bir-birini daha yaxşı anlamağa başlayıb və ən əsası fiziki hazırlıq qaydasındadır.

"Turan Tovuz"un sonda hansı pilləni tutacağına gəlincə, sponsoru olmayan yeni komandanın çempionatda qalmasının özü bir uğurdu. Çətinliklər çoxdur, komandanın avtobusu yoxdur, digər çatışmazlıqlar var, bütün bunları nəzərə alanda komandanın çempionatda qalmağıni uğur hesab edirəm. Amma  düşünürəm ki, 6-7-ci yerlərdən birini tuta bilərik, ən azından 7-ci pillədə olacağıq. Bizdən yuxarıda olan komandaların hamısı formadadır, onlara çata biləcəyimizi düşünmürəm. Komandamdan kubokun yarımfinalında "Neftçi" ilə başabaş rəqabət, oyun gözləyirəm, mübarizəni dayandırsaq belə, qapını bərk çırpmalıyıq. Faydalı olan futbolçuları saxlayıb lazım olan bir neçə oyunçu transfer edə bilsək, gələn mövsüm daha iddialı komanda ola bilərik.


İskəndər Əliyev ("Zirə")

- Qış toplanışın nəticəsini, inşallah, gələcək oyunlarda daha yaxşı görəcəyik. Bizi qarşıda ölkənin ən köklü klublarından "Neftçi" ilə çətin oyun gözləyir. Böyük tarixi olan, hörmət etdiyimiz rəqibdi. İstərdim ki, bu səfər oyununda qələbə qazanaq. Klubdan ayrılan futbolçular barədə baş məqşçimiz qərar verir. O belə uyğun görübsə, bildiyi var demək. Azarkeş olaraq bizə futbolçuların komandaya xeyir verməsi önəmlidir. Nə qədər xeyri olsa, o qədər yaxşıdı. Donald Geryenin özü "Qarabağ"da ən yaxşı oyunlarını göstərib, "Neftçi"də çıxış edib. İnanıram ki, "Zirə"də də yaxşı formada olar, komandamıza fayda verər. Həmçinin ukraynalı hücumçunun xeyir verəcəyini düşünürəm. Hər halda baş məşqçimizə güvənirik, onun yanındayıq. İnşallah, o da seçimlərində yanılmaz. Turnir cədvəlində daha yuxarıda olmaq şansımız var. İlk üçlüyə düşmək çətindir, amma məncə, mümkündür.


Müşfiq Məmmədov ("Kəpəz")

- Qış təlim-məşq toplanışını yoldaşlıq görüşlərindəki nəticələrə əsaslansaq, qənaətbəxş hesab etmək olsa da, düşünürəm ki, o nəticələr hələlik əsas göstərici deyil. Klubun transfer məsələlərinə gəldikdə isə eyni sözü deyə bilmərəm. Gedənlər qalmaqalla getdi, gələnlərin özünü göstərməyi üçün zamana ehtiyac var. Üstəlik, gələnlərin statistik göstəriciləri və oyun təcrübələrinin olmaması narahatedici amillərdən ən əsasıdı. Məncə, daha diqqətli davranıb, gedənləri də daha az maliyyə itkisi ilə göndərmək olardı. İnanmaq istərdim ki, "Kəpəz" mövsümü 7-8-ci pillələrdən birində bitirəcək.


Atif Rüstəmli ("Səbail")

- Klubumuzun Antalyada keçirilən qış məşq toplanışı haqda ilk onu demək istərdim ki, rəhbərliyin təşəbbüsü ilə mən və fan-klubun seçilən, köhnə azarkeşlərindən iki nəfər Türkiyəyə yollanmışdıq. Keçirilən təlim-məşqləri və bir yoldaşlıq oyununu canlı izlədik. 3 günlük səfər çərçivəsində hər şey möhtəşəm, yerli-yerində, maraqlı idi. Məşqlər yüksək səviyyədə keçdi, bizim üçün də bir dəyişiklik oldu. Şahin Diniyevin gəlişi ilə bağlı onu deyə bilərəm ki, əzmkar məşqçidir. Ümid edirik ki, "Səbail"i öz xarakteri ilə kubokun finalına yüksəldər. Premyer Liqada da mövqeyimizi yaxşılaşdıracağına inamımız böyükdür. Çempionatın sonuna hələ çox var. Bu yolda "Dənizçilər" fan-klubu olaraq klubumuzun yanındayıq.


Ağaxan Abdullayev ("Sabah")

- Antalyada baş tutan təlim-məşq toplanışının axırıncı oyunundan sonra komandanın gücünü tək biz yox, rəqiblərimiz də gördülər. Sanki oyunçularımıza yeni bir nəfəs, yeni bir coşqu gəlmişdi. Bunu "Neftçi" ilə oyunda da sübut etdilər. Bir-birlərini başa düşmələri, keçmiş oyunları, formada olmaqları bunu göstərir ki, Murad Musayevin rəhbərliyi altında "Sabah" ikinci dövrəyə də tam hazırdır. Ümid edirik ki, çempionatın qalan hissəsində də birinci dövrədəki kimi uğurlu keçirərək yekunda ölkəmizi avrokuboklarda layiqli şəkildə təmsil edərik.

Bizim üçün komandanın hər bir oyunçusu əzizdir və Murad Musayev hər bir oyunçumuzdan maksimum şəkildə yararlanmaq istəyir. Bunu oyunlara da baxanda görmək olar ki, cavanlara ən çox şans verən baş məşqçilərdən biridir. Bir çox futbolçumuz icarəyə yollandı, bu da sevindirici bir haldır ki, onlar inkişaf etsinlər və komandaya geri dönəndə artıq təcrübə toplamış olsunlar. Azarkeşlər olaraq, təbii ki, yeni oyunçu və transfer istəyirik. Lakin olmasa belə, Murad Musayevə sonuna qədər güvənirik, onun əlində olan komanda ilə nələr etdiyinin hamımız şahidiyik. Əlbəttə, hər bir azarkeş komandasının çempion olmasını istəyər və futbol da sürprizlərlə doludur. Hələ qarşıda yarım mövsüm, itiriləcək və qazanılacaq çox xal və xallar var. Buna görə biz öz istəklərimizi kənara qoyub baş məşqçimizin və komandamızın yanında olmağa davam edəcəyik.


Ramil Tarıverdiyev ("Neftçi")

- Təlim-məşq toplanışlarında nəticələr çox önəmli olmur. Oyunların bəzilərini yaxşı, bəzilərini pis adlandıra bilərik. Ona görə toplanışı orta qiymətləndirirəm. Nə pis, nə yaxşı. Komandadan ayrılan futbolçularla yeni gələnləri müqayisə etmək hələ tezdir. Çünki gedənlərin nəyə qadir olduğunu bilsək də, yeni gələnlərin nə bacardıqlarını bir-iki oyunla müəyyən etmək qeyri mümkündür. Özünüz də bilirsiniz ki, adaptasiya zaman alır. Amma ümumi götürəndə komandamızın transfer siyasəti sıfırdır. Hər il transfer pəncərəsinin bağlanmasına iki-üç gün qalmış, təlim-məşq toplanışının bitməsinə bir-iki gün qalmış oyunçu alırlar. Elə vaxt olur, xaricdən seçirlər, seçirlər, sonda gəlib Azərbaycandan futbolçu alırlar, yaxud karyerasını bitirmək üzrə olan, oyun praktikası olmayan kimisə transfer edirlər. Transfer siyasətini qəti bəyənmirəm. Digər komandalara baxırıq, "Qarabağ" olsun, "Sabah" olsun, "Zirə" olsun. Necə olur ki, onlar istədiyi oyunçunu tapıb ala bilir, "Neftçi" yox? "Qarabağ"dan başqa digərlərinin heç birinin büdcəsi bizdən artıq deyil. "Zirə" istədiyi vaxt oyunçu ala bilirsə, "Neftçi" niyə bunu edə bilməsin? Bu, klubda transfer işinə baxan məsul şəxslərin səriştəsizliyidir.

Mən hər zaman optimist azarkeş olmuşam. Çempionat başlayanda hamının 0 xalı olur. Onda düşünürdüm ki, çempionluq uğrunda "Qarabağ"la, "Sabah"la, maksimum "Qəbələ" ilə mübarizə aparacağıq. Amma indi görürük ki, biz çempionluqdan çox uzaqlaşmışıq. Artıq gedən gedib. Realist olmaq lazımdır. Bu gedişlə biz ən yaxşı halda 3-cü yerdə olacağıq. "Sabah" hər 3 oyunda "Neftçi"ni udubsa, deyəcək bir şey qalmır. Amma kuboku qazanmağa ümidimiz var. Belə oynasalar, orda da heç nə edə bilməyəcəklər. Optimist olmağa çalışsam, minimum final gözləyirəm. Zaman göstərəcək. Uzun müddətdir ölkə kubokunu qazana bilmirik. Bu kuboku qazansaq, növbəti mövsümə yaxşı hazırlaşmaq üçün bizə təkan olacaq.


Elçin Məmmədov (“Qarabağ Ordu”)

Komandamızın təlim-məşq toplanışını internet vasitəsilə izlədim, məlumat topladim. Qurban müəllim 2-ci komandadan bir neçə gənc futbolçunu da dəvət etmişdi. Yoldaşlıq görüşlərində şans da verdi. Yoxlama oyunlarımız normal keçdi. Üzücü məqam yalnız Abbasla Şahruddinin zədələnməsidir. Yeni gələnlərdən məni ən çox sevindirən Yassin Benzia oldu. Bu futbolçunu çoxdan izləyirdim, bəyəndiyim bir futbolçu gəldi "Qarabağ"ımza. Diakabi ilə Cica da yaxşı futbolçudur, inşallah, qarşıdaki oyunlarda xeyirlərini komandamız görəcək. "Qarabağ" həmişə keyfiyyətli transferləri ilə seçilib. Komandada bu işlə peşəkarlar məşğul olur. Bizim komandamızın bir hədəfi var,  hər zaman çempionluq! Bu mövsümdə də arzu, istəklərimiz eynidir və Konfrans liqasında mümkün qədər irəliləmək hədəfimizdir.


Sevinc Məmmədova, xüsusi olaraq mediasport.az saytı üçün