Yığmamız Portuqaliyadakı Dünya Kubokunda bürünc medal qazandı
Bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın üzvləri Portuqaliyanın Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kuboku yarışlarında uğur qazanıblar.
mediasport.az xəbər verir ki, qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çoxnövçülük proqramında bürünc medal qazanıblar.
Beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finalda mübarizə aparan təmsilçilərimiz ümumilikdə 61 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Fərdi proqramda ən yaxşı nəticəni Zöhrə Ağamirova göstərib. Topla (31.100 xal) və halqa ilə (28.300 xal) hərəkətlərin icrasında finala yüksələn idmançımız müvafiq olaraq 6-cı və 7-ci yerləri tutub.