Zaretska yarımfinalda, 2-ci medalımız da karatedən gəldi - Avropa Oyunları
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarına uğurla başlayıb.
MediaSport.az xəbər verir ki, 68 kq-da yarışan təmsilçimiz yarımfinala çıxmaqla ən azı bürünc medalı təmin edib.
Zaretska qrupda keçirdiyi 3 görüşün hamısında qalib gəlib. Dünya və Avropa çempionumuz müvafiq olaraq, ukraynalı Qalina Melnik (5:0), erməni rəqibi Anita Makyan (8:0) və ispaniyalı İzabel Nyetondan (4:3) üstün olub.
Karateçimizin yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:10-da keçiriləcək. Onun rəqibi Fransa təmsilçisi Alize Agye olacaq.
Qeyd edək ki, ölkəmiz III Avropa Oyunlarında yeganə medalı məhz karate yarışlarında qazanıb. Tural Ağalarzadə bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.