"Sabah"ın baş məşqçisi üzr istəyib: "Belə səhvlər qəbuledilməzdir"
FİBA Avropa Kubokunun müntəzəm çempionatında qrupun ikinci oyununu da məğlub başa vuran "Sabah"ın baş məşqçisi Boban Mitev Türkiyənin "Bağçaşəhər" klubuna yenilgini şərh edib.
Mediasport.az xəbər verir ki, makedoniyalı mütəxəssis 18 illik fasilədən sonra Bakıda meydana çıxan Azərbaycan basketbol klubunun - "Sabah"ın böyükhesablı fərqlə məğlubiyyətinə görə azarkeşlərdən üzr istəyib:
"Nəticəyə görə azarkeşlərdən üzr istəyirik. İlk hissədə hücumda səhvlərimiz oldu. "Bağçaşəhər" kimi rəqibə qarşı oyunda bu cür səhvlər qəbuledilməzdir. 4-cü periodda aradakı xal fərqini azalda bildik. Düşünürəm ki, hesab oyuna görə olmadı".
Qeyd edək ki, təmsilçimiz Türkiyə klubuna 65:83 hesabı ilə uduzub. "Sabah" ötən həftə qrupun ilk matçında isə Monteneqronun "Mornar" komandasına 75:80 hesabı ilə məğlub olmuşdu.