"Kəpəz" qış fasiləsindən sonra hansı stadionda oynayacaq?

 "Kəpəz" qış fasiləsindən sonra hansı stadionda oynayacaq?

"Kəpəz"in ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcəyi xəbərini dünən yayımlamışdıq.

Çempionatları keçirən qurum - Peşəkar Futbol Liqası bu gün məlumatı rəsmən təsdiq edib.

Lakin matçların cədvəli ilə bağlı qarışıq durum vəziyyəti qəlizləşdirir.

Oktyabrın 20-də "Turan Tovuz" "Qarabağ"ı, 21-də "Kəpəz" "Zirə"ni qəbul etməlidir. Həmin gün "Turan Tovuz"un əvəzediciləri "Qarabağ-2" ilə qarşılaşmalıdır. "Zirə" oyundan bir gün öncə məşqə çıxmalıdır. Üstəlik, "Turan Tovuz"un aşağı yaş qrupları da məşqi eyni stadionda keçirlər.

Xaotik vəziyyətin necə həll ediləcəyinə Mediasport.az saytına açıqlamasında PFL-in texniki-idman direktoru Elgiz Abbasov izah verib.

O, “sarı-göylər”in əvəzedicilərdən ibarət komandasının oyunlarının Gəncə şəhər stadionunda keçiriləcəyini diqqətə çatdırıb:

"Gəncə şəhər stadionunun ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirə bağlanması həqiqətən də Peşəkar Futbol Liqasını sevindirən xəbər oldu. Bilirsiniz ki, bir müddətdir Gəncə şəhər stadionunun infrastrukturu ilə bağlı çatışmazlıqları var idi. Həqiqətən stadionun yenilənəcəyi bizim üçün sevindirici xəbər oldu. Bir stadion yenilənirsə, əsaslı təmirə bağlanırsa, orada ev oyunlarını keçirən komanda alternativ variantlara baxmalıdır.

Əsasnaməmizə uyğun olaraq, biz "Kəpəz" komandasına cari mövsüm başlamadan öncə PFL tərəfindən qəbul olunmuş stadionların birində oyunlarını keçirmək icazəsi verə bilərdik. "Turan Tovuz"la bu məsələ ilə bağlı artıq razılıq əldə edilib. "Kəpəz" qış fasiləsinə qədər olan ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək. Əvəzedici komanda isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından yararlanmağa davam edəcək.

Sual yarana bilər ki, bəs qış fasiləsindən sonra "Kəpəz" ev oyunlarını hansı stadionda keçirəcək? Bunun cavabı qış fasiləsi zamanı veriləcək. 2 klub arasında yenidən razılıq əldə oluna, müddət artırıla bilər”.