“Sabah ağır oyun olacaq, çox qaçacağıq” – Canni de Byazi
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Avstriyanı qəbul edəcək.
Mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni de Byazi matçdan öncə təşkil olunan mətbuat konfransında qarşılaşma ilə bağlı fikir bildirib:
“Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır. Əsas oyunçuları olmayacaq. Amma ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar, Ralf Ranqnik yaxşı futbol oynadır. Onların Belçika matçındakı nəticəsi aldadıcı ola bilər. Avstriya rəqibdən daha yaxşı oynadı”.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Avstriyanın 5 əsas oyunçusu olmayacaq. Sabah qələbə qazanmaq mümkündür? Hər halda, qalib gəlsək 7 xalımız olacaq və qrupdakı vəziyyətimiz də dəyişə bilər...
- Pozitiv düşünürsüz, çox xoşuma gəldi. Asan olmayacaq. İlk matçda da fikirləşirdim ki, nəticə fərqli olardı. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq ki, uğurlu nəticəyə davam edək. Avstriyada 5 futbolçu yoxdur, amma vacib oyunçuları var.
Sabah ilk dəfə Tofiq Bəhramovda oyuna çıxacaqsız. Anşlaq gözləyirsiz? Azarkeşlərə nə demək istəyirsiz?
- Əgər sabah gəlib, bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər olacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir. Sabah çətin olacaq. Amma çalışacağıq ki, pozitiv nəticə qazanaq.
Oyunöncəsi məşqi niyə Tofiq Bəhramovda keçirmədiz?
- Çox istəyərdik ki, gedək. Sadəcə bizə dedilər ki, meydança ideal deyil və məşq etsək, meydança dağıla bilər. Ona görə "Dalğa Arena"da məqş edəcəyik.
Yığmamız səfərə gedib qayıdanda çətinliklər çəkir. Heyətdə dəyişikliklər olacaq?
- Ağır oyundan, uzun səfərdən gəlirik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Dəyişikliyə bu gün qərar verəcəyik. Sabah ağır oyun olacaq, çox qaçacağıq.