UEFA İcraiyyə Komitəsinin üzvü : "Yeni strategiya üçün AFFA-ya lazımi dəstəyi göstərəcəyik"
Türkiyə Futbol Federasiyasının vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı AFFA-nın növbəti Konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, o, öncə federasiyanın sabiq prezidenti Rövnəq Abdullayevə təşəkkür edib:
"UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində çoxlu enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, verdiyiniz töhfə üçün minnətdaram".
Qitənin ali futbol qurumunun nümayəndəsi Azərbaycan futboluna dəstək olacaqlarını dilə gətirib:
"Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Yeni strategiya üçün AFFA-ya lazımi dəstəyi göstərəcəyik. Futbol idmandan çox məna ifadə edir. Futbol bəşəriyyəti birləşdirir".
Yardımçı AFFA-nın yeni prezidenti Rövşən Nəcəfi təbrik edib, ona uğurlar arzulayıb:
"Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdur. Azərbaycan futbolu son illərdə inkişafdadır. “Qarabağ” Avropada böyük işlər gördü. Avropa Liqasında qitənin ən uğurlu komandasına uduzdu. "Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca uğurların davamı gələcək".